Kremlin sözçüsü Dmitri Peskov Belarusda nüvə silahının yerləşdirilməsini NATO-nun hərəkətlərinə cavab adlandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə aprelin 6-da TASS məlumat yayıb.
Beləliklə, Dmitri Peskov NATO-nun baş katibi Yens Stoltenberqin Rusiyanın öz sərhədlərindən kənarda nüvə silahı yerləşdirməmək vədini pozması ilə bağlı açıqlamalarını şərh edib.
Kreml sözçüsü vurğulayıb ki, Rusiya öz hərbi infrastrukturunu alyansın sərhədləri yaxınlığında yerləşdirmək niyyətində deyil, guya Rusiya sərhədlərinə doğru genişlənən NATO-dur.
“NATO Rusiya sərhədlərinə doğru genişlənir. Hərbi infrastrukturu ilə NATO-nun sərhədlərinə yaxınlaşan Rusiya deyil, bu, əks istiqamətdə hərəkətdir. Bu hərəkət bizə problem və təhlükəsizliyimiz üçün narahatlıq yaradır”, - deyə Peskov bildirib.
Eyni zamanda o əlavə edib ki, bu hərəkətlərə cavab olaraq Rusiya hər dəfə öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməlidir. Buna görə də Belarus ərazisində nüvə silahının yerləşdirilməsi qərarı NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsi fonunda Avropada güc balansını tarazlaşdırmaq üçün nəzərdə tutulub.
Xatırladaq ki, bir qədər bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq, Rusiya və onun vədlərinə etibar etməməyə çağırmışdı.
Maraqlıdır ki, Moskvanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarı Rusiya-Çin bəyannaməsinin qəbulundan sonra qəbul edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB