Yens Stoltenberq Rusiyaya hərbi yardım göstərəcəyi təqdirdə Çini ciddi nəticələrlə hədələyib.
SİA-nın əldə etdiyi məlumata görə, bunu aprelin 5-də NATO-nun baş katibi bloka daxil olan ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında deyib.
Lakin maraqlıdır ki, Stoltenberq Çini qarşı tətbiq ediləcək ciddi nəticələrin konkret olaraq nə olacağını açıqlamayıb.
“Çin bilir ki, Ukraynaya, yəni Rusiyaya silah tədarük etsə, bunun ciddi nəticələri olacaq. İndi nəticələrin konkret olaraq nə olacağı barədə danışmağa ehtiyac yoxdur”, - deyə baş katib bildirib.
Stoltenberqin sözlərinə görə, NATO hələ də Pekinin Rusiyaya hərbi yardım göstərməsinə dair heç bir sübuta malik deyil.
Eyni zamanda, baş katib Çinin Rusiya Federasiyası ilə getdikcə daha çox işlədiyini diqqətə çatdırıb.
Məsələn, onun dediyinə görə, son vaxtlar tərəflər Cənubi Afrikada birgə dəniz- hava patrulları və təlimlər keçirirlər. Stoltenberq vurğulayıb ki, bu səbəbdən NATO Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya və Avstraliya ilə tərəfdaşlığı intensivləşdirməyə məcburdur.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyaya silah tədarükünün nəticələri ilə bağlı Çinə xəbərdarlıq edib.
Onu da xatırladaq ki, Çinin Avropa İttifaqındakı səfiri Fu Konq Pekin və Moskva arasında “sərhədsiz dostluq” barədə bəyanatı ritorika adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB