Ermənistana səfər edəcəyi təqdirdə İrəvanın Rusiya prezidenti Vladimir Putini Beynəlxalq Cinayət Məhkəməsinin orderi ilə həbs etmək niyyəti və istəyi yoxdur. Necə deyərlər, çox şükür!
SİA-nın əldə etdiyi məlumata görə, bunu Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan “Armenpress”ə müsahibəsində bildirib.
Belə ki, rusların Putinin Ermənistana gələcəyi təqdirdə həbs ediləcəyindən əndişələndiyini deyən, erməni vitse-spiker, Roma Nizamnaməsi ilə bağlı prosesin təmin edilməsinin iki ölkə arasında strateji münasibətlərə xələl gətirməməsini təmin etmək üçün Vladimir Vladimiroviçi tutmayacaqlarını bildirib. Yəni bundan sonra ürəyi nə vaxt istəsə İrəvana rahat gəlib, gedə bilər. Ermənilər ona toxunmayacaqlar.
Çünki...vitse-spiker, İrəvanın Moskva ilə müqavilə bağlaya biləcəyini və ona görə də Roma Əsasnaməsinin iki ölkə arasındakı münasibətlərə təsir göstərməyəcəyini bildirib. Arşakyan hətta, rusların qorxmaması üçün ötən gün Ermənistanın başqa ölkə ilə də analoji saziş imzaladığını deyib. Amma nə təəssüflər ki, həmən ölkənin adını açıqlamayıb.
Xatırladaq ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin həbsinə order verib. O, Ukraynanın işğal olunmuş ərazilərindən uşaqları Rusiyaya qanunsuz ixrac etməkdə şübhəli bilinir. Analoji order Uşaq Ombudsmanı Mariya Lvova-Belovaya münasibətdə də verilib.
Martın 24-də isə Ermənistan Konstitusiya Məhkəməsi Roma Statutunun ölkənin Əsas Qanununa zidd olmadığı barədə qərar verib. Əgər İrəvan Roma Statutunu ratifikasiya etsə, o zaman nizamnamə sənədinə uyğun olaraq, hakimiyyət Putin Ermənistana səfər edəcəyi təqdirdə onu həbs etməyə borclu olacaq.
Rusiya Xarici İşlər Nazirliyi İrəvana xəbərdarlıq edib ki, Ermənistan Roma Statutuna qoşularsa, ikitərəfli münasibətlər üçün son dərəcə mənfi nəticələr olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB