İsrail məhkəmə islahatına yenidən etiraz edib

...Hökumətin onu dayandırmaq qərarına baxmayaraq, məhkəmə islahatlarına qarşı on minlərlə etirazçı İsrail küçələrinə çıxıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Times of Israel” xəbər verir.

Hazırda nümayişçilər Təl-Əvivin mərkəzi küçələrini doldurub, əsas magistral yollar bağlanıb. Hadisəyə polis nəzarət edir. Mitinqlərin Qüds və Hayfada da keçirildiyi vurğulanır. Etirazların təşkilatçıları məhkəmə-hüquq islahatının birmənalı şəkildə rədd edilməsini davam etdirəcəklərinə söz veriblər.

Xatırladaq ki, martın 27-də İsrailin baş naziri Benyamin Netanyahu məhkəmə islahatları haqqında qanunun qəbulunu gələn aya qədər təxirə salmaq niyyətində olduğunu açıqlamışdı. Qeyd edək ki, islahat Knessetin məhkəmə sistemi üzərində nəzarətinin əhəmiyyətli dərəcədə genişləndirilməsini nəzərdə tutur.

Bir gün əvvəl 600 mindən çox israilli məhkəmə islahatlarına etiraz edib. Hazırda Təl-Əvivdə nümayişçilərin Ayalon şossesini bağladıqları deyilir.

Məlumata görə, 28 nəfər saxlanılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə