"Hədəf daha böyük planlaşdırılmış ola bilər" - POLİTOLOQ ŞƏRH ETDİ

"Hədəf daha böyük planlaşdırılmış ola bilər" - POLİTOLOQ ŞƏRH ETDİ

"Rusiya-Ukrayna müharibəsi artıq bir ildən artıqdır ki, davam edir. Baş verən hadisələr və Rusiya-Ukrayna müharibəsi ilə bağlı beynəlxalq güclərin hədəfləri, ortaya qoyduqları mövqe prosesin sonlandırılmasına deyil, müharibənin daha da alovlanmasına, ardıcıl xarakter almasına xidmət edir. Hesab edirəm ki, Qərb dövlətləri Ukrayna ərazisinə qadağan olunmuş silahların daşınması ilə bağlı mövqe ifadə edərək, Rusiyanı daha da qıcıqlandırmaq və onu Ukrayna ərazisində ağılsız addımlara sövq etməyə çalışır. Bu addımın anonsunu 26 mart tarixində Rusiya prezidenti Vladimir Putinin dilindən eşitdik". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloq bildirib ki, Putin 1990-cı illərdən sonra ilk dəfə SSRİ-nin varisi olaraq Rusiyanın xarici ölkə ərazisində nüvə başlıqlarının yerləşdiriləcəyi ilə bağlı qərar verdiklərini və bu qərarla bağlı fikirlərini səsləndirdi: "Bu Rusiya-Ukrayna müharibəsinin gedişatını genişləndirməklə yanaşı, həm də insan itkilərinin daha kütləvi hal almasına gətirib çıxara bilər. Bu prosesdə isə tək günahkar Rusiya deyil.

Əgər Amerika və onun Qərb kollektivi baş verə biləcək hadisələrin qarşısının alınmasında maraqlıdırsa, qısa müddət ərzində Rusiya və Ukraynanın masaya oturaraq, prosesin sülh yolu ilə həll edilməsinə çalışacaqlar. Lakin bunun əksi istiqamətində fikirlərin formalaşmasına zərurət yaradan addımlar da mövcuddur. Əslində Rusiyanın Ukraynaya hərbi müdaxiləsi əvvəlcədən düşünülmüş çirkin bir oyunun tərkib hissəsi də ola bilər. Burada isə hədəf daha böyük planlaşdırılmış ola bilər. Bu isə bütün bəşəriyyət üçün heç də müsbət nəticələr verməyəcək".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə