Bu, Avropaya yox, Belarusa təhdiddir...

Avropanın təhlükəsizliyini ölkə ərazisində nüvə silahının yerləşdirilməsi deyil, yeni NATO qüvvələrinin Belarus sərhədləri yaxınlığında yerləşdirilməsi təhdid edir.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq yazı martın 30-da Belarus Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən “Twitter”də yerləşdirilib.

Qeyd edək ki, Belarus Xarici İşlər Nazirliyi Avropa diplomatiyasının rəhbərinin “Twitter”də yazdığı yazıya münasibət bildirib.

Xatırladaq ki, Jozep Borrellin sözlərinə görə, Rusiya nüvə silahlarının Belarusda görünməsi məsuliyyətsiz eskalasiya və Avropanın təhlükəsizliyinə təhdiddir. Eyni zamanda, Borrell, Minski bu qərarın icrasını dayandırmağa çağırıb.

Belarus Respublikasının Xarici İşlər Nazirliyi cavab olaraq baş avropalı diplomata məlumat verib ki, ilk növbədə, NATO qoşunlarının Belarus sərhədləri yaxınlığında yerləşdirilməsi, eləcə də NATO-nun daha da genişlənməsi Avropanın təhlükəsizliyini təhdid edir.

Belarus Xarici İşlər Nazirliyi “tvitter” hesabında qeyd edib ki, NATO-nun yeni qoşunlarının Belarus sərhədi yaxınlığında yerləşdirilməsi və alyansın Şimali Avropada daha da genişlənməsi məsuliyyətsiz eskalasiyadır və Avropanın təhlükəsizliyini təhdid edən əsas amillərdir.

Belarus Xarici İşlər Nazirliyi onu da əlavə edib ki, hərbi blokun genişlənməsi və milli təhlükəsizlik sahəsində risklər fonunda ölkə hakimiyyəti cavab vermək və müdafiəsini gücləndirmək məcburiyyətindədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə