Putin yaz aylarında hərbi xidmətə çağırışla bağlı fərman imzalayıb

Rusiya prezidenti Vladimir Putin yaz aylarında hərbi xidmətə çağırış haqqında fərman imzalayıb. Müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, həqiqi hərbi xidmətə çağırış 2023-cü il aprelin 1-dən iyulun 15-dək aparılacaq. Ehtiyatda olmayan 18-27 yaş arası Rusiya vətəndaşlarının 147 min nəfərin çağırılması planlaşdırılır.

Həmin sərəncamla prezident hərbi xidmət müddəti başa çatmış əsgər, matros, çavuş və komandirlərin hərbi xidmətdən xaric edilməsi haqqında qərar verib.

Bundan əvvəl Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov, yaz çağırış kampaniyası zamanı orduya çağırılanların Rusiya Federasiyasının yeni bölgələrinə xidmətə göndərilməyəcəklərini bildirmişdi.

Onun sözlərinə görə, Rusiyada planlaşdırılan çağırış yaşının tədricən artırılması yaz çağırışına heç bir təsir göstərməyəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə