ABŞ Avropa İttifaqı ölkələrinə aparıcı neft ixracatçısına çevrilib
ABŞ-ın reallaşan arzusu..?

Artıq ABŞ Avropa İttifaqına əsas neft ixracatçısı kimi Rusiyanı əvəz edib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Eurostat” bəyan edib. Belə ki, dekabr ayında Avropa İttifaqının neft idxalının 18 faizinin ABŞ-dan olduğu qeyd edilib.

Qeyd edək ki, bu yaxınlara qədər Avropanın ən böyük neft tədarükçüsü olan Rusiyanın payı ötən ilin yanvarında 31 faizdən dekabrda dörd faizə düşüb.

Halbuki bir il əvvəl ABŞ-ın payı 13 faiz idi. Bu arada Norveç Avropa İttifaqı ölkələrinə ikinci ən böyük neft tədarükçüsü olub. Bildirək ki, onun neft tədarükü artıq 17 faiz təşkil edir.

Yeri gəlmişkən, Avropa İttifaqı Rusiya təbii qazının idxalını da kəskin şəkildə azaldıb. Deməli, idxal ötən ilin birinci rübündəki 31 faizdən dekabrda 19 faizə düşüb.

Hazırda Avropa İttifaqının əsas qaz tədarükçüsü kimi Rusiyanın yerini Norveç tutub.

Yəni Avropa İttifaqı ölkələrinin istehlak etdiyi qazın 31 faizi hazırda Norveçdən idxal edilir.

ABŞ isə təbii qazın ikinci ən böyük ixracatçısı oldu.

Belə ki, Avropa İttifaqınin təbii qaz idxalının 20 faizi onların payına düşür.

Əslində, bütün bunları ABŞ-ın reallaşan arzusu kimi də qəbul etmək olar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə