Türkiyə müxalifəti Ərdoğanın namizədliyini geri götürməyə çağırır

Türkiyədə üç müxalifət partiyası hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın namizədliyinin prezident seçkilərindən çıxarılmasını tələb edib.

Belə ki, “Yaxşı Partiya”, “Demokratiya və Çıxış Partiyası” və “Vətən Partiyası” ölkənin Ali Seçki Komissiyasına müraciət ünvanlayıblar.

Qeyd edək ki, müxalifət Ərdoğanın əsas rəqibi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunu dəstəkləyir.

Seçki komissiyasına müraciət müəlliflərinin fikrincə, hazırkı prezidentin namizədliyinin irəli sürülməsi Türkiyə Konstitusiyasına ziddir, çünki onun hazırkı səlahiyyət müddəti ardıcıl ikincidir.

Ankara iddia edir ki, 2017-ci il konstitusiya referendumundan sonra Ərdoğanın prezidentlik müddətləri sıfıra endirilib.

Xatırladaq ki, Türkiyədə prezident seçkiləri mayın 14-nə təyin edilib.

Yeri gəlmişkən, Ərdoğan və Kılıçdaroğlu seçki yarışının favoritləri olduqları deyilir.

SİA-nın əldə etdiyi məlumata görə, hazırda onların kampaniyalarında zəlzələ mövzusu üstünlük təşkil edir. Müxalifətin prezident Ərdoğana əsas iddiası hakimiyyət orqanlarının dağıdıcı zəlzələlərin nəticələrini aradan qaldırmaq üçün zəif hazırlıqlı olması və zərərçəkənlərə yardımın göstərilməsində yol verilən nöqsanlardır.

...Son sorğular müxalifət namizədinin hazırkı prezidentdən daha çox səs toplaya biləcəyini göstərir.

Bəzi sosioloqlar isə son nəticədə səs faizinin oxşar ola biləcəyini etiraf edirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə