"Müharibə ilə bağlı hazırkı hesab Rusiyanı qane edir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Rusiya-Ukrayna müharibəsi artıq bir ildən çoxdur ki, davam edir. Bu müddət ərzində Rusiya öz maraqlarına uyğun olan formada hərəkət edib, Ukrayna burada Qərbin təsiri altında qalıb. Düzdür, mətbuatda belə bir fikir irəli sürülür ki, Ukraynanı dəstəkləyən qüvvələr çoxdur. Lakin müharibə Ukrayna ərazisində gedir, belə olan halda hansı dəstəkdən danışıldığını bilmirəm. Çünki dağılan ərazi də, öldürülən insanlar da Ukraynaya aiddir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.

Onun sözlərinə görə, siyasi məqsədə çatmaq üçün zaman-zaman üçüncü dövlətdən yararlanırlar: "Təəssüf ki, Ukraynaya verilən sözü nə Avropa İttifaqı, nə də ABŞ tutdu. Özlərinin köhnə texnikasını Ukraynaya verməklə daha çox qazanc əldə etdilər. Görünən odur ki, burada Rusiya ilə ABŞ arasında Ukrayna qurban getdi.

Rusiya köhnə müharibə taktikasından istifadə edir. Hələlik Rusiya müharibəni dayandırmayacaq. Yaxın bir neçə ay ərazində də bu prosesin baş tutacağını gözləmirəm. Çünki Rusiyanın əsas məqsədi Dneprə qədər çıxmaqdır. Dneprin sol sahilini ələ keçirənə qədər müharibə davam edəcək. Əslində diqqətlə izləsək, Rusiya bu bir il ərzində qarşıya qoyduğu plana tam şəkildə çatıb. Rusiyanın nə vaxtsa çökəcəyini gözləmək bir qədər inandırıcı deyil. Dünya resurslarının 21 faizi Rusiya ərazisindədir.

Müharibə ilə bağlı hazırkı hesab Rusiyanı qane edir. Ukraynanın qələbə çalma ehtimalı isə inandırıcı görünmür".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə