Estoniya rusiyalı diplomatı ölkəsindən qovur

Estoniya, adını açıqlamadığı rusiyalı diplomatı persona non qrata elan edib. Belə ki, həmən diplomat martın 29-dək ölkəni tərk etməlidir.

Bu barədə martın 24-də Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Estoniya Xarici İşlər Nazirliyinin məlumatına görə, cümə günü Rusiya səfirliyinin müvəqqəti işlər vəkili departamentə çağırılıb. Ona səfirliyin diplomatik korpusunun əməkdaşını persona non qrata elan edən diplomatik nota təqdim edilib.

Tallinn iddia edir ki, ölkədən çıxarılası diplomat birbaşa və fəal şəkildə Estoniyanın təhlükəsizliyinə və konstitusiya quruluşuna zərbə vurub.

O, Rusiyanın hərbi hərəkətlərinə bəraət qazandıran təbliğat aparıb və Estoniya cəmiyyətində parçalanmaya səbəb ola bilən hərəkətlərə yol verib.

Yeri gəlmişkən, Rusiya Xarici İşlər Nazirliyi artıq Estoniyanın bu qərarına cavab verəcəyini vəd edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS məlumat yayıb.

Xatırladaq ki, Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Tallinnin Rusiyadakı səfirliyini bağlamaq niyyətində olmadığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə