İmran Xan indi də terrorda ittiham olunur

İmran Xan indi də terrorda ittiham olunur

İslamabad polisi ölkənin keçmiş baş naziri və müxalifətdəki Ədalət Uğrunda Hərəkat Partiyasının sədri İmran Xana, onun 17 köməkçisinə, eləcə də onlarla tərəfdarına qarşı terrorizm və digər milli qanun pozuntuları ittihamı irəli sürüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS “Associated Press” agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, ittihamlar bir gün əvvəl İslamabadda Xanın kortejini müşayiət edən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə Ədalət Uğrunda Hərəkat Partiyası tərəfdarları arasında toqquşmadan sonra irəli sürülüb.

Onu da qeyd edək ki, Pakistanın keçmiş baş naziri vəzifədə olarkən xarici liderlərdən aldığı bahalı hədiyyələrin satışı ilə bağlı keçirilən məhkəmə iclasında iştirak etmək üçün paytaxtın rayon məhkəməsinə gedirmiş.

Toqquşmada 50-dən çox polis əməkdaşının yaralandığı, 59 Xan tərəfdarının isə həbs edildiyi deyilir.

İttihamlar siyahısına terrorizm, polis əməkdaşlarına işlərinə mane olmaq, asayiş keşikçilərinə hücum etmək, polis əməkdaşlarına xəsarət yetirmək və onların həyatını təhlükəyə atmaq kimi maddələr var.

Maraqlıdır ki, bu cinayətlərdə Xandan başqa bir neçə sabiq nazir və Pakistan Milli Assambleyasının (parlamentin aşağı palatası) keçmiş spikeri də ittiham olunur.

Xatırladaq ki, Xan ona qarşı etimadsızlıq səsverməsindən sonra 10 aprel 2022-ci ildə Pakistan hökumətinin başçısı vəzifəsindən uzaqlaşdırılıb.

Bundan bir qədər əvvəl isə Xan hökumətinin ABŞ və yerli müxalifət tərəfindən təhdid edildiyini bildirmişdi. Sabiq baş nazir dəfələrlə ona qarşı aparılan siyasi proseslərin xaricdən ilhamlandığını və maliyyələşdirildiyini bildirib. Keçən il noyabrın 3-də Xan Pakistanın Vəzirabad şəhərində növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə yürüşə rəhbərlik edərkən ona sui-qəsd edilmişdi.

Yeri gəlmişkən, sabiq baş nazir indi də hakimiyyətdə olarkən xarici liderlərdən aldığı bahalı hədiyyələri satmaqda ittiham olunur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə