Vladimir Zelenski Bəşər Əsədə də sanksiya tətbiq etdi

Ukrayna prezidenti Vladimir Zelenski Suriya Ərəb Respublikasının prezidenti Bəşər Əsədə qarşı şəxsi sanksiyalar tətbiq edib.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq fərman martın 18-də Ukrayna prezidentinin rəsmi portalında dərc edilib.

Qeyd edək ki, Vladimir Zelenski 300 fiziki və 141 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Onların arasında Suriya prezidenti Bəşər Əsəd, baş nazir Hüseyn Arnus və xarici işlər naziri Feysəl Mikdad, İrandan bir neçə vətəndaş və dörd hava yolu şirkəti Fars Air Qeşm və Pouya Air, Mahan Airlines və Saha Airlines var.

Bundan başqa, Ukraynanın yeni “qara siyahısı” Rusiya müdafiə sənayesi müəssisələrində çalışan 196 nəfər daxildir. Rusiyanın elm, gəmiqayırma və aviasiya ilə bağlı 137 müəssisəsi də sanksiyalara məruz qalıb.

Qeyd edək ki, sanksiyalara Ukraynadakı insanların və şirkətlərin aktivlərinin bloklanması, ölkəyə girişin qadağan edilməsi və digər məhdudiyyətlər daxildir.

Xatırladaq ki, martın 15-də Rusiya və Suriya prezidentləri Vladimir Putin və Bəşər Əsəd arasında danışıqlar aparılıb. Söhbət zamanı Bəşər Əsəd Ukraynada keçirilən xüsusi əməliyyatda Rusiyaya dəstəyini ifadə edib və dörd yeni rayonun Rusiyaya birləşdirilməsinin tanındığını bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə