Bakinskaya qəbristanlığında “vaqnerçi”lərin dəfninə icazə verilmir!

...Ondan başlayaq ki, Qoryaçiy Klyuç Rusiya Federasiyasının Krasnodar diyarının regional tabeliyində olan balaca bir şəhərdir.

2500 nəfərdən bir az arttıq əhalisi olan Bakinskaya kəndinin adını haradan götürdüyünü bilməsəm də, amma Krasnodar diyarının Qoryaçiy Klyuç bələdiyyəsinə daxil olduğunu bu yaxınlarda öyrənmişəm.

Nədir məsələ?

Beləliklə, bu yaxınlarda Kuban hakimiyyəti Ukraynada öldürülən “Vaqner” PMC muzdlularının Bakinskaya kəndinin qəbristanında basdırılmasını qadağan edib.

Və təbii ki, bu “Vaqner” PMC-nin “yaradıcısı” Yevgeni Priqojini qane etməyib. Belə ki, o, Qoryaçiy Klyuç şəhər administrasiyanın rəhbəri Sergey Belopolskiyə “xox” gələrək, Ukraynada öldürülmüş “vaqnerçi”nin Bakinskaya kənd qəbristanlığında dəfninə icazə verilməyəcəyi təqdirdə tabutu gətirib administrasiya rəhbərinin evindəki qonaq otağında yerləşdirəcəyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, hazırda bu məsələ “havada qalıb”.

Yəni Qoryaçiy Klyuç səlahiyyətlisi hələ də “vaqnerçi”lərin Bakinskaya kənd qəbristanlığında dəfnlərinə qadağa qoyduğunu və buna görə də yeni dəfnə icazə verilməyəcəyini bildirib.

Amma buna baxmayaraq, Priqojin Ukraynada “vaqnerçi”nin martın 19-na planlaşdırılan dəfn mərasiminin keçiriləcəyinə israrlıdır və maraqlıdır ki, o jurnalistləri də mərasimə dəvət edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə