Ramzan xəstə-filan olmadığını deyir...

Ramzan xəstə-filan olmadığını deyir...

Bu arada Çeçenistan rəhbəri Ramzan Kadırov bir sıra Ukrayna mətbuatının onun sağalmaz xəstəliyi ilə bağlı məlumatlarını təkzib edib.

Beləliklə, SİA-nın da əldə etdiyi məlumata görə, oxuduqlarından bir balaca əsəbləşən Ramzan mətbuatda onun xəstəliyi ilə bağlı yayılan şayiələrə münasibət bildirərək, özünün “sağlam və güclü olduğunu” deyib.

Qeyd edək ki, Ramzan hətta onun sağalmaz xəstə olduğu ümidi ilə özlərinə təsəlli verənlərlə məzələnib də və onlara “sağlam olub onları” “incitdiyinə görə” üzr də istəyib.

Daha sonra əvvəllər olduğu kimi indi də idmanla məşğul olduğunu, dağlara çıxdığını, orada gəzintiylə “baş qatdığını” və hətta respublikanın inkişafı ilə bağlı mühüm məsələləri həll etdiyini deməklə Ramzan, onun xəstə olmasını istəyənlərə gözdağı da verib.

Xatırladaq ki, Çeçenistan rəhbərinin sağalmaz xəstəliyinin olması ilə bağlı şayiələr onun Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra ortaya çıxıb.

Belə ki, həmən görüş zamanı Kadırovun əlindəki naməlum əşya müxtəlif versiyaları ifadə edən bir növ tibbi cihaz kimi qəbul edilib.

Deyilənlərə münasibət bildirən Ramzan Putinlə görüş zamanı əlindəkinin dərmanla heç bir əlaqəsi olmayan elektron dua sayğacı olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə