"Doğrudur, düz eləməyib, amma yaxşı eləyib"

Rusiyada hərbi komissarlığın ilk yandırıcısı 13 il müddətinə azadlıqdan məhrum edilib
"Doğrudur, düz eləməyib, amma yaxşı eləyib"

Beləliklə, rus məhkəməsi Moskva vilayətindən olan 22 yaşlı Kirill Butilini 13 il müddətinə ciddi rejimli koloniyaya göndərib.

Niyə? Bəs, Butilin bilmirdi ki, o boyda hərbi komissarlığı yandırmaq istəyənin aqibəti belə olar?

Beləliklə, SİA-nın əldə etdiyi məlumata görə, rusiyalı gəncə məhkəmədə güzəşt-filan da edilməyib. Belə ki, prokuror tərəfindən nə qədər cəza müddəti tələb olunubsa, hakim elə onu da saxlayıb

Xatırladaq ki, 2022-ci il fevralın sonunda, Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan az sonra, Butilin Moskva vilayətinin Luxovitsı şəhərindəki hərbi komissarlığa bir neçə “molotov kokteyli” atıb. Məhkəmə onu terror aktı törətmək, terrora açıq çağırışlar və siyasi düşmənçilik motivləri ilə vandalizm maddələri ilə təqsirli bilib.

Burada maraqlı bilirsiniz nədir?

Deməli, ötən ilin martında internetdə hərbi komissarlığın yandırılmasını Butilin özü, video yaymaqla faş edib.

Yəni bizdəki o, “qarğa məndə qoz var” misalı...

Bununla o, guya Ukraynadakı müharibənin əleyhinə olduğunu bildirib.

Sonradan onun dediyinə görə, onun yanğında əsas məqsədi cəbhəyə göndərilə biləcək şəxslərin şəxsi işləri ilə hərbi komissarlığın arxivini məhv etmək olub.

Yenə adamın yadına bizim o müğənninin sözü düşür, yəni, doğrudur, düz eləməyib, amma yaxşı eləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə