Lukaşenko İrana birgə müəssisələr yaratmağı təklif edir

Lukaşenko İrana birgə müəssisələr yaratmağı təklif edir

Iranda rəsmi səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko İrana birgə yüksək texnologiyalı sənayelər yaratmağı təklif edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Belarus rəhbəri bunu martın 13-də İranın birinci vitse-prezidenti Məhəmməd Moxberlə görüşündə deyib.

İstənilən münasibətin və qarşılıqlı anlaşmanın əsasını iqtisadiyyatın təşkil etdiyini deyən Lukaşenko, əlavə olaraq “...ona görə də bizim sazişlərin icrası əsasən sizin (Məhəmməd Moxber) rəhbərlik etdiyiniz İran hökumətindən asılı olacağını” bildirib.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi ilə birlikdə aparıcı tibbi və elmi-innovativ istehsalçıların sərgisini ziyarət edən Lukaşenko, gördüklərindən heyrətləndiyini dilə gətirib.

Belarus prezidenti İran tərəfindən bütün dünyanın ehtiyacı olan çox yüksək texnologiyalı avadanlıq yaratdığını qeyd edib. O, həm də ən müasir və sərfəli dərman vasitələrinin istehsalına diqqət çəkib.

Xatırladaq ki, Aleksandr Lukaşenko və İbrahim Rəisi Tehrandakı danışıqların yekununda Belarus və İran arasında 2023-2026-cı illər üçün hərtərəfli əməkdaşlığa dair yol xəritəsi imzalayıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə