Son iki həftə ərzində Ukraynadakı müharibədə həlak olan rusların sayı rekord həddə çatıb.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Rusiyanın müxalifət nəşrləri yayıb.
Qeyd edək ki, bu nəşrlər könüllülərlə birlikdə açıq mənbələrdən istifadə edərək müharibədə həlak olan rusların sayını müəyyənləşdirməyə çalışırlar.
Hazırda onlar Ukraynaya müharibəyə gedən və həlak olan 16 774 nəfərin adını öyrənə biliblər.
Qeyd olunur ki, bu il fevralın 24-dən martın 10-dək olan müddətdə, yəni iki həftə ərzində ölənlərin siyahısına 1638 ad da əlavə edilib.
Bu, tammiqyaslı müharibənin bütün müddəti üçün etibarlı şəkildə qurulmuş iki həftəlik itkilərin yeni rekordudur. Ölənlərin əksəriyyəti “Vaqner” PMC-nin muzdluları olduğu da xüsusi qeyd edilir.
Jurnalistlər həmçinin müəyyən ediblər ki, son iki həftə ərzində Ukraynada polkovnik-leytenant və ondan yuxarı rütbəli 11 rusiyalı zabit öldürülüb. Onların arasında 126-cı sahil müdafiə briqadasının iki artilleriya rəisi və Rusiya Federasiyası İstintaq Komitəsinin Rusiya ordusuna ezam olunmuş əməkdaşı da var.
Onu da qeyd edək ki, bu statistik məlumatların müəllifləri, onların topladıqları məlumatların rus qoşunlarının itkilərinin real səviyyəsini əks etdirmədiyini, əslində isə itkilərin bundan xeyli yüksək olduğunu bildiriblər.
Bu statistikaya yalnız mediadakı nekroloqlardan, sosial şəbəkələrdəki qohumların mesajlarından və digər açıq mənbələrdən məlum olan ölümlər daxildir.
Xatırladaq ki, statistikaya Rusiya komandanlığının itkin düşmüş kimi qeyd etdiyi və ölümü barədə heç bir yerdə açıqlanmayan şəxslər daxil edilməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB