“Gürcüstandakı hadisələr Kiyev “Maydan”ını çox xatırladır”

“Gürcüstandakı hadisələr Kiyev “Maydan”ını çox xatırladır”

Gürcüstanda baş verənlər Kiyev “Maydan”ını çox xatırladır, “xarici agentlər” haqqında qanun layihəsi ətrafında vəziyyət sadəcə olaraq hakimiyyəti güc yolu ilə dəyişdirmək cəhdinə başlamaq üçün bəhanədir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya telekanalına danışarkən deyib:

“Bu, Kiyev “Maydan”ına çox bənzəyir. Şübhə yoxdur ki, büdcəsinin 20 faizi həcmində xaricdən maliyyə alan qeyri-hökumət təşkilatlarının qeydiyyata alınması ilə bağlı qanun sadəcə olaraq, güc yolu ilə hakimiyyəti dəyişmək cəhdinə başlamaq üçün bəhanə idi”.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Avropa İttifaqının Xarici İşlər Xidmətinin rəhbəri Jozep Borrelin Gürcüstandakı vəziyyətlə bağlı açıqlamalarını ikiüzlülük adlandırıb.

Qeyd edək ki, Lavrovdan qabaq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova və rusiyalı senator Qriqori Karasin də artıq Borrelin ünvanına xeyli “döşəmişdilər”.

Maraqıdır ki, Lavrov Gürcüstan və Moldovada müxalifətin etiraz aksiyalarına Qərbin fərqli münasibətinə də işarə edib.

Lavrovun fikrincə, Gürcüstandakı hadisələr Rusiya sərhədləri yaxınlığında qıcıqlandırıcı yaratmaq istəyi ilə kənardan “pultla idarə edilir”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə