Rusiyalı işəgötürənlər aldada-aldada “gedirlər”...

Tacikistandan Mariupolun bərpasına göndərilən miqrantlar işəgötürənlərin aldadılmasından şikayətlənirlər
Rusiyalı işəgötürənlər aldada-aldada “gedirlər”...

Rusiya tikinti şirkətləri tərəfindən Ukraynanın işğal olunmuş Mariupol şəhərinə, şəhərin bərpası üçün göndərilən tacik miqrantlar işəgötürənlərin onlara vəd etdiyi maaşları vermədiyini bildiriblər.

Xatırladaq ki, ötən ilin oktyabr-noyabr aylarından başlayaraq, Rusiyadakı taciklərin çoxu xaraba şəhərdə işləyirdilər.

“İşəgötürənlər ayda 120 min rubla qədər məvacib ödəməyə söz vermişdilər. İlk aylarda vəd edilən məbləğin yarısından az maaş aldıq”.

Bunu Mariupolda işləyən tacik miqrantlardan biri deyib.

Yeri gəlmişkən, Mariupol ötən ilin mayında rus qoşunları tərəfindən işğal edilib. Ukrayna hakimiyyəti şəhərdəki bütün binaların 95 faizinin dağıldığını bildirib. İndi Rusiya hakimiyyəti Mariupolu, o cümlədən əmək miqrantlarının köməyi ilə bərpa etməyə çalışır.

Qeyd edək ki, bir müddət bundan əvvəl Kiyev miqrantların Mariupolda icazəsiz qalıb işlədiklərini, ələ keçirilsələr, Ukrayna və beynəlxalq qanunlara uyğun olaraq cəzalandırılacaqlarını bildirib.

Məhz buna görə də, Tacikistan hakimiyyəti öz vətəndaşlarını Ukraynanın təhlükəli bölgələrinə səyahətdən çəkinməyə çağırıb.

Onu da xatırladaq ki, keçən ay Tacikistandan olan miqrantlar Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Zaporojye vilayətində səngər tikintisinə görə vəd olunan əmək haqqının verilməməsindən Rusiya polisinə şikayət etmişdilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə