Pakistandan ikinci yardım gəmisi Türkiyəyə yola düşüb

Pakistandan ikinci yardım gəmisi Türkiyəyə yola düşüb

Pakistan, fevralın 6-da baş verən və episentri Kahramanmaraş olan zəlzələlərdən zərərçəkənlər üçün daha 8200 qış çadırı göndərib.

SİA-nın əldə etdiyi məlumata görə, bildirilir ki 65 konteynerə yüklü 1221 ton yardım materialı daşıyan mülki yük gəmisi Kəraçidən yola düşüb. Gələcək yardımın 41 konteyneri Türkiyədəki zəlzələ bölgəsinə, 15-i isə Suriyaya çatdırılacaq. Mülki yük gəmisinin 23-24 mart tarixlərində Mersin limanına çatacağı gözlənilir.

Pakistan Milli Fəlakətlərin İdarə Olunması Agentliyi (NDMA) Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımın daşınması məqsədilə tezliklə çarter yük reyslərinə də başlanacağını bildirib.

Xatırladaq ki Pakistan Hərbi Dəniz Qüvvələrinin Türkiyədəki təbii fəlakət qurbanları üçün 1000 ton yardım daşıyan ilk gəmisi fevralın 28-də Kəraçidən yola düşüb. Pakistan qurudan və havadan Türkiyəyə 7 min qış çadırı və 33 mindən çox yorğan göndərmişdi.

Bundan əlavə, Al Xidmat, Edhi, Beytus Salam Velfare, Sailani Velfare fondları, o cümlədən Pakistan Qızıl Aypara da Türkiyədə müxtəlif yardım fəaliyyətləri həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə