Rusiya ordusunu nüfuzdan salmaq olmaz!

Rusiya ordusunu nüfuzdan salmaq olmaz!

...Atasının ev dustaqlığına buraxılmasından sonra onun əlindən alınan Maşa Moskalevanın atası və ya xarici dünya ilə əlaqə saxlamasına icazə verilmir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, qızın mobil telefonu əlindən alınıb.

Bundan əlavə, müstəqil deputat Olqa Podolskaya və könüllülərin onunla görüşmək istəyinə icazə verilməyib.

Nədir məsələ? Və ya Rusiya əyalətlərində nələr yaşanır?

Beləliklə, Tula vilayətinin Yefremov şəhərində Rusiya ordusunu gözdən salmaqda şübhəli şəxs qismində saxlanılan Aleksey Moskalevin altıncı sinif şagirdi olan qızı Maşa onun əlindən alınaraq uşaq evinə verilib.

Qeyd edək ki, ata Aleksey Moskalev cəmi bir gecəni müvəqqəti saxlama təcridxanasında keçirib.

Amma bu bir gecə Yefremov şəhər rəhbərliyini Maşanı uşaq evinə göndərməyə kifayət edib.

Onu da qeyd edək ki, Moskalev qızının çəkdiyi rəsmə görə məktəbə çağırıldıqdan sonra polisin diqqətinə düşüb. Belə ki, onun qızı rəsm dərsində Ukrayna bayrağının önündə dayanan və Rusiyadan uçan raketlərdən uşağını qorumağa çalışan qadın şəkili çəkibmiş. Rəsm müəllimi rəsmlə bağlı məktəb direktoruna, direktor isə polisə müraciət edib...və bizlərdə deyildiyi kimi, iş böyüyüb.

Xatırladaq ki, Maşanın anası onlarla maraqlanmır.

Onun başqa ailəsi var və doğma qızını yaxına belə buraxmaq istəmir.

Yeri gəlmişkən hazırda Moskalevə qarşı Rusiya ordusunu nüfuzdan salmaq barədə cinayət maddəsi ilə cinayət işi açılıb. Və beləliklə, məktəbli qızın atasını 3 ilə qədər həbs gözləyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə