İtaliyada qayığın batması nəticəsində ölən miqrantların sayı 70-ə çatıb

İtaliyada qayığın batması nəticəsində ölən miqrantların sayı 70-ə çatıb

İtaliyanın Kalabriya regionunda miqrantları daşıyan qayığın batması nəticəsində həlak olanların sayı 70-ə çatıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, İtaliyanın Baş naziri Ciorcia Meloni ölkəsinin qanunsuz miqrant axınlarının qarşısını almağa çalışdığını, bununla yanaşı, faciə zamanı itkin düşənlərin axtarışlarının da davam etdiyini bildirib. Qeyd edib ki, İtaliya problemi təkbaşına həll edə bilməz, lakin daha çox günahsız insanın ölməsinin qarşısını almaq üçün qeyri-qanuni daşımalara son qoyulmalıdır.

İndiyədək 80-dən çox miqrant xilas edilib, qayıqda azı 150 nəfərin olduğu bildirilir. On altısı azyaşlı olmaqla, ümumilikdə 70 nəfərin cəsədi sudan çıxarılıb.

Xatırladaq ki, fevralın 26-da İran, Pakistan və Əfqanıstandan olan miqrantları daşıyan qayıq əlverişsiz hava şəraiti səbəbindən İtaliya sahillərində qayalara çırpılaraq batıb.

Bütün xəbərlər Facebook səhifəmizdə