"ABŞ heç vaxt İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək"

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ABŞ-ın heç vaxt İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini deyib.
"ABŞ heç vaxt İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək"

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) İranın Fordo Nüvə Mərkəzində 83,7 faiz zənginləşdirilmiş uran hissəciklərinin aşkar edilməsi barədə məlumatından sonra ABŞ-ın heç vaxt İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini deyib.

Gündəlik mətbuat konfransında AEBA-nin hesabatı ilə bağlı sualları cavablandıran Prays “Prezident Baydenin İranın heç vaxt nüvə silahına sahib olmayacağına dair ciddi və qəti öhdəliyi var. Biz buna heç vaxt imkan verməyəcəyik” deyib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

İranın nüvə proqramı problemini qalıcı şəkildə həll etməyin yolunun diplomatiyadan keçdiyini təkrarlayan Prays “İranın nüvə proqramının yaratdığı problemə qalıcı bir həll tapmaq istəyirik. Biz inanırıq ki, buna nail olmağın ən effektiv yolu diplomatiyadır. Amma İranın əsla nüvə silahına sahib olmamasını təmin etmək üçün lazım olan nə varsa onlardan istifadə edəcəyimiz barədə çox dəqiq siyasətimiz var" ifadələrindən istifadə edib.

Prays ABŞ-ın Avropa və Orta Şərqdəki müttəfiqləri ilə sıx əlaqədə olduğunu da bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə