"Putinin ABŞ-la bağlı siyasəti əks effekt verdi" - POLİTOLOQ DANIŞDI

"Putinin ABŞ-la bağlı siyasəti əks effekt verdi" - POLİTOLOQ DANIŞDI

"Hazırda Putinin əsas hədəfi ilk növbədə hakimiyyətini qorumağa çalışması, ikincisi, Ukraynada işğal etdiyi 4 vilayətin administrativ sərhədlərinə çıxmaqdır. Əsas döyüşlər isə Luqansk, Donetski, Zaporoji, Xerson və Xarkovda getdi. Xarkovun 90%-ni Ukrayna azad edə bilib. Sonuncu ağır döyüşlər Baxmud, Soledarda gedir. Son günlər Zaporoji vilayətində döyüşlər gedir. Zaporoji vilayəti istiqamətində rusların döyüşlər aparmaları diqqəti daha çox Baxmud və Soledardan ayırmağa yönəlib. Baxmud strateji bir yoldur. Buna dörd yol da deyirlər. O istiqamətdə dəmir yolu, quru yolu var. Təminat baxımından strateji bir ərazidir. Ora həm Ukrayna, həm də Rusiya üçün əhəmiyyətlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, silahlanma təminatı üçün önəmi çoxdur: "Bunlar göstərir ki, ikinci hədəfin yerinə yetirilməsi üçün heç bir ciddi irəliləyişin baş verməməsi artıq birinci hədəfdə də, yəni hakimiyyətin qorunmasında fiaskoya gətirib çıxarır. Fiasko tək bu məqamlarla bağlı deyil. Putinin ABŞ-la bağlı siyasəti əks effekti verdi. ABŞ NATO-nu daha da Şərqə doğru genişləndirdi. Finlandiya və İsveçin də NATO-ya üzvlüyü ilə Baltik dənizi NATO-nun dənizi halına gəlmək üzrədir. Vaşinqton Arktikadakı mövqelərini daha da gücləndirir. Fransa və Almaniyanın Avropanın strateji muxtariyyət siyasəti iflasa uğradı, Almaniya və Rusiya arasında strateji yaxınlaşmanın önünə Ukrayna səddi çəkildi, Avropada Polşa və Ukrayna kimi önəmli ABŞ peykləri olan quru gücləri Fransa və Almaniyanın qarşısına çıxarıldı, Avropanın iqtisadi olaraq ABŞ-dan aslılığı daha da artdı. Avropa iqtisadiyyatı daha da zəiflədildi, Rusiya iqtisadiyyatı təcrid edildi, “Şimal axını-2” boru kəmərlərinin partladılması ilə Rusiyanın Avropada enerji hegemonluğuna son qoyuldu. Avropanın boşalan silah stoklarını ABŞ öz silahları ilə doldurmaqla həm Avropanın silah bazarında mövqelərini daha da gücləndirdi".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə