ABŞ dövlət katibi Entoni Blinken Astanaya rəsmi səfəri zamanı Rusiyadan asılılığın azaldılması üçün Mərkəzi Asiyaya yardım vəd edib. Belə ki, Qazaxıstanın paytaxtında regionun 5 ölkəsinin xarici işlər nazirlərinin “C5+1” çərçivəsində iştirakı ilə keçirilən görüş zamanı ABŞ Dövlət Departamentinin rəhbəri Vaşinqtonun 25 milyon dollar yeni yardım paketi təqdim etdiyini açıqlayıb.
Rusiyanın Ukraynaya davam edən tammiqyaslı hərbi müdaxiləsi fonunda Blinken, ABŞ-ın Mərkəzi Asiya xalqlarının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyini də bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Qazaxıstan prezidentinin mətbuat xidməti bildirib ki, prezident Kasım-Jomart Tokayev Blinkenin səfərini ölkələr arasında əməkdaşlığa “əlavə təkan” adlandırıb.
Qeyd edək ki, “C5+1” Diplomatik Sammiti 2015-ci ildən bəri bir neçə dəfə keçirilib. ABŞ Dövlət Departamenti fevralın 27-də yaydığı bəyanatda görüşü tərəfdaşlıqda ümumi çağırışlara cavab verən müstəqil, firavan və təhlükəsiz Mərkəzi Asiyaya nail olmaq üçün region daxilində, eləcə də ABŞ ilə Mərkəzi Asiya arasında əməkdaşlığı gücləndirən sammit kimi xarakterizə edib.
Yeri gəlmişkən, Astanada keçirdiyi mətbuat konfransında Blinken Çinin Ukraynadakı müharibəsində Rusiyaya hərbi dəstək verəcəyi təqdirdə ona qarşı xəbərdarlıqlarını da təkrarlayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB