Ukrayna sərhəd əməkdaşlığına dair sazişlərdən çıxdı

Ukrayna sərhəd əməkdaşlığına dair sazişlərdən çıxdı

Ukrayna hökuməti Belarus, Rusiya və MDB ilə bağlanmış üç sərhəd əməkdaşlığı sazişindən çıxmaq qərarına gəlib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk fevralın 28-də özünün Telegram kanalında məlumat verib.

Beləliklə, Ukrayna hakimiyyəti əvvəllər Belarus və Rusiya ilə, eləcə də MDB çərçivəsində bağlanmış müntəzəm sazişlərdən çıxdığını bəyan edib.

Qeyd edək ki, burada söhbət Ukrayna Nazirlər Kabineti ilə Rusiya hökuməti arasında 2011-ci ildə Donetskdə bağlanmış Ukrayna-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin inkişafı sahəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Sazişin ləğvindən gedir.

Ukrayna hökuməti ilə Belarus hökuməti arasında Ukrayna-Belarus dövlət sərhədində buraxılış məntəqələrində birgə nəzarətin təşkili haqqında 1995-ci ilin dekabrında Kiyevdə bağlanmış Saziş də ləğv edilib.

Ukraynanın əldə etdiyi üçüncü saziş 1994-cü ildə Moskvada bağlanmış və MDB ölkələrinin sərhəd qoşunlarına xüsusi texnikanın güzəştli tədarükü haqqında sazişdir.

Xatırladaq ki, bundan əvvəl Ukraynanın pensiya sektorunda zəmanətlər üzrə MDB sazişindən çıxması barədə məlumat yayılmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə