"Türkiyəyə beynəlxalq dəstək daha da gücləndiriləcək” - DEPUTAT DANIŞDI
“Türkiyədə baş verən dəhşətli zəlzələ Türkiyə Prezidenti Tayyib Ərdoğanın söylədiyi kimi əsrin fəlakətidir. Bu bütünlükdə insanlığın, humanist bəşəriyyətin fəlakətidir. Burada olduqca böyük dağıntılar, insan itkiləri, yaralılar və milyolarla evsiz qalan insanlar var. Müxtəlif hesablamalara görə bu ərazidə 13-14 milyon insan yaşayırdı və onlar humanitar fəlakət şəraitinə düşüb. Zəlzələnin baş verdiyi ilk saatlardan Azərbaycan başda olmaqla dünyanın bir çox dövlətləri türk xalqına öz yardım əlini uzatdı, yardım kampaniyalarına başlanıldı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev bildirib.
Onun sözlərinə görə, demək olar ki, artıq xilasetmə işləri başa çatıb: “Çünki hazırkı vəziyyətdə orada insanların sağ qalma ehtimalı sıfıra bərabərdir. Amma ərazinin dağıntılardan təmizlənməsi, bölgənin yenidən ayağa qalxması uzun illər sürəcək və bunlar çox ciddi maliyyə, insan resursu, texniki təminat tələb edən işlərdir.
Türkiyə böyük və qüvvətli dövlətdir, amma təxminən Cənubi Qafqaz qədər böyüklükdə olan bir ərazinin yenidən qurulması və oranın insan yaşayışı üçün yüksək səviyyədə uyğunlaşdırılması böyük imkanlar tələb edir. Burada dünya birliyinin məsələyə münasibətinin necə olacağını söyləmək çox çətindir. Hər halda beynəlxalq təşkilatlar bu və ya digər formada Türkiyənin həmin ərazisinin yenidən ayağa qalxması üçün addımlar atacaq. Bu yardımlar özünü müxtəlif formada göstərə bilər. Maddi yardımların göstərilməsi davam etdirilə bilər, texniki dəstək göstərilə bilər, müxtəlif ölkələrin ərazidə bir neçə binanının tikintisini öz üzərinə götürməsi də olduqca böyük dəstək verər.
Bəzən umduğumuz halda dünya dövlətləri öz biganəliyini də göstərir. Belə ki, Qarabağ iki ildən çoxdur ki, işğaldan azad olunub, lakin hələ də orda konkret iş görmək üçün öz dəstəyini göstərən bir neçə dövləti çıxmaqla birlik görə bilmirik. Düşünürəm ki, bu cür münasibət qəbuledilməzdir və dünya birliyinin gücünü zəiflədən addımlardır. Arzu edirəm ki, ikili standartlara son qoyulacaq və Azərbaycana, o cümlədən də Türkiyəyə beynəlxalq dəstək daha da gücləndiriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB