Ukraynaya ilk “Leopard”lar Polşadan gəldi

Ukraynaya ilk “Leopard”lar Polşadan gəldi

Beləliklə, Polşa Ukraynaya vəd etdiyi 14 Alman “Leopard” tankının ilk partiyasını təhvil verib.

SİA-nın əldə etdiyi məlumata görə, dörd tank artıq Ukraynaya gətirilib. Qalan on tankla bağlı da Varşava hazırlığını yekunlaşdırmaq üzrədir.

Qeyd edək ki, bu barədə cümə günü Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlardan sonra Polşanın baş naziri Mateuş Moravetski bildirib.

“Polşa və Avropa sizin tərəfinizdədir. Biz sizi tərk etməyəcəyik və Rusiya üzərində tam qələbə çalana qədər Ukraynanı dəstəkləyəcəyik”.

Moravitski bunu Zelenski ilə birgə keçidiyi mətbuat konfransında vurğulayıb.

Onu da qeyd edək ki, cümə günü səhər saatlarında Polşanın müdafiə naziri Mariuş Blaşak Kiyevə ilk “Leopard”ın gətirildiyini elan edib.

O, həmçinin bildirib ki, Ukrayna əsgərləri Polşa, Kanada və Norveçdən olan təlimatçıların rəhbərliyi altında Svitoszovdakı mərkəzdə bu tankları idarə etmək üçün təlim keçəcəklər.

Yeri gəlmişkən, Varşavanın Ukraynanı dəstəkləmək istəyi Avropadakı digər müttəfiqlərini də ağır hərbi texnika, o cümlədən tankları Ukraynaya köçürməyə razı salmaqda mühüm rol oynayıb.

Halbuki, “Reuters”un yazdığı kimi, son vaxtlara qədər bir neçə hökumət, o cümlədən Berlin, müharibənin böyüməsi riski səbəbindən bu cür tədarüklərdən qorxurdu.

Və Moravetski Kiyevdə olarkən Avropa İttifaqı ölkələrini Rusiyaya qarşı mümkün olan ən sərt sanksiyaları tətbiq etməyə çağırıb.

Xatıladaq ki, hazırda Avropa bloku Rusiyaya qarşı 10-cu sanksiyalar paketini müzakirə edir.

...“10-cu paketə gəlincə, biz onu çox yumşaq və zəif hesab edirik və tərəfdaşlarımızı bu paketi mümkün qədər geniş hala gətirməyə məcbur edirik”.

Bunu da Polşanın baş naziri Mateuş Moravetski bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə