Polşada rus “şpionu” tutulub..?

Qeyd edək ki, belə bir “şpionu”nun biri də ötən ilin dekabrında Almaniyada həbs edilimişdi
Polşada rus “şpionu” tutulub..?

Polşanın Qdansk şəhərində hərbi işlər idarəsinin prokuroru Rusiya vətəndaşına qarşı casusluq işi üzrə ittiham aktını təsdiqləyib. Müstəntiqlərin sözlərinə görə, o, hərbi hissələrin yerləşdiyi yer, onların təşkili, qrafiki, komandanlıq strukturu, silah-sursat, hərbi texnika və qoşunlar arasında qarşılıqlı fəaliyyət prinsipləri haqqında məlumat toplayırmış.

SİA-nın əldə etdiyi məlumata görə, xəbər Polşa prokurorluğunun saytında yer alıb.

Verilən məlumata görə, tutulan rus uzun illər Polşada yaşayıb və bizneslə məşğul olanlardandır. O, ötən ilin aprelində saxlanılaraq həbs edilib.

Ölkə prokurorluğu bildirir ki, 2015-2022-ci illərdə Rusiya vətəndaşı Rusiya hərbi kəşfiyyatı ilə əməkdaşlıq edib və Polşa ordusu haqqında məlumat toplayıb. Departamentin məlumatına görə, rusiyalı tarixi rekonstruksiyalarla bağlı görüşlərə gəlib, orada Polşa hərbçiləri ilə söhbət edib. Onun xüsusilə Polşanın şimal-şərqindəki hərbi birləşmələrlə maraqlandığı qeyd edilir.

Qeyd edək ki, tutulan rus həm də korrupsiya maddəsi ilə ittiham olunur. Onu…ən azı on ilə qədər həbs gözləyir.

Yeri gəlmişkən, ötən ilin dekabrında Almaniyada ölkənin Federal Kəşfiyyat və Əks Kəşfiyyat Xidmətinin əməkdaşı həbs edilib. O, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə işləməkdə şübhəli bilinib.

İddialara görə, o, Ukraynada Amerikanın HIMARS reaktiv yaylım atəşi sistemlərinin və alman İris-T hava hücumundan müdafiə sisteminin yerləşdirilməsi barədə məlumat almağa çalışıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə