Bayden Putinin bu qərarını böyük səhv adlandırıb

Bayden Putinin bu qərarını böyük səhv adlandırıb

Bu arada ABŞ prezidenti Cozef Bayden Rusiya prezidenti Vladimir Putinin Rusiyanın ABŞ ilə strateji nüvə silahlarının məhdudlaşdırılmasına dair müqavilədə iştirakını dayandırmaq qərarını “böyük səhv” adlandırıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Bayden bunu Varşavada NATO-nun qondarma şərq cinahının liderləri ilə görüşdən əvvəl deyib.

Qeyd edək ki, bunlar Mərkəzi və Şərqi Avropanın 9 ölkəsidir - Polşa, Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan, Estoniya, Latviya və Litva. Onların əksəriyyəti Rusiyaya qarşı sərt mövqe nümayiş etdirməyin və Ukraynaya dəstəyin artırılmasının tərəfdarıdır. İclasda çıxış edən ABŞ prezidenti qeyd edib ki, bu ölkələr NATO-nun kollektiv təhlükəsizliyinin “ön cərgəsindədir” və mümkün təcavüz halında onlara yenidən müdafiə vəd edib.

Onu da qeyd edək ki, Polşa prezidenti Anjey Duda Rusiyanın Ukraynaya təcavüzünün Avropada yeni təhlükəsizlik vəziyyəti yaratdığını qeyd edərək, Ukraynaya dəstək və təhlükəsizliyin möhkəmləndirilməsi üçün konkret tədbirlər haqqında düşünməyə çağırıb.

Yeri gəlmişkən, bir gün əvvəl Bayden Varşavada Moldova prezidenti Maia Sandu ilə də görüşüb və onu ABŞ-ın Moldovaya dəstəyinə inandırıb. Bu yaxınlarda ölkə hakimiyyəti yerli rusiyayönlü qüvvələrin təxribatlar və hətta çevriliş hazırladığını iddia edib.

Xatırladaq ki, Rusiyada START-3 kimi tanınan Strateji Hücum Silahlarının Məhdudlaşdırılması üzrə Müqavilə 2010-cu ildə Praqada imzalanıb. O, yerləşdirilən nüvə başlıqlarının maksimum sayını, onların daşıyıcılarının sayını məhdudlaşdırır, ölkələrə öz ərazilərindən kənarda strateji nüvə silahı yerləşdirməyi qadağan edir, onları nüvə raketlərini kəşfiyyat avadanlıqlarından gizlətməməyə və bir-birinin müfəttişlərinin nüvə silahı olan bazalara çıxışını təmin etməyə məcbur edir.

...Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın döyüş başlıqlarının və onların daşıyıcılarının sayı ilə bağlı sənəddə müəyyən edilmiş həddi aşmaq niyyətində olmadığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə