Kiyevin hücuma hazırlaşdığı açıqlanıb

Kiyevin hücuma hazırlaşdığı açıqlanıb

Ukrayna Silahlı Qüvvələrinin komandanlığı genişmiqyaslı hücuma hazırlaşır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin birləşmiş qüvvələrinin komandanı, general-leytenant Sergey Naev bildirib.

Ukrayna Silahlı Qüvvələrinin komandanı hərbi sirri əsas gətirərək, Ukrayna qoşunlarının qarşıdan gələn zərbəsinin istiqaməti, habelə bunun nə vaxt baş verməsi ilə bağlı təfərrüatları açıqlamayıb.

“...Hücumumuzun hazırlanmasına gəlincə: biz bunun üçün müvafiq qüvvələri hazırlayırıq, lakin bunun nə vaxt baş tutacağı sirrdir”, - deyə ukraynalı general-leytenant bildirib.

Naev Ukrayna-Belarus sərhədindəki hazırkı vəziyyətdən də danışıb. Onun sözlərinə görə, Belarus və Rusiya qüvvələri ərazidəki sayını artırdıqca, Ukrayna da iştirakını artıracaq.

Qeyd edək ki, bundan əvvəl Zaporojye qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski Rusiya Silahlı Qüvvələrinin Zaporojye vilayətində əks-hücum əməliyyatına hazır olduğunu bildirmişdi. Siyasətçinin sözlərinə görə, rus qoşunları həmişə bu fürsəti görür və buna hazırlaşırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə