Yanukoviçin partiyası Ukraynada qadağan edildi

Yanukoviçin partiyası Ukraynada qadağan edildi

Ukraynada Apellyasiya Məhkəməsi keçmiş prezident Viktor Yanukoviçin uzun müddət rəhbəri olmuş Regionlar Partiyasının fəaliyyətini qadağan edib.

SİA-nın əldə etdiyi məlumata görə, bundan başqa, məhkəmə partiyaya məxsus əmlakın milliləşdirilməsinə qərar verib.

Qeyd edək ki, siyasi birliyin nümayəndələri iyirmi gün ərzində qərardan apellyasiya şikayəti verə bilərlər.

Xatırladaq ki, Regionlar Partiyası 2000-ci ildə Ukraynada rəsmi qeydiyyatdan keçib. Üç ildən sonra Viktor Yanukoviç onun rəhbəri olub.

Yanukoviçin prezidentliyi dövründə onun rəhbərlik etdiyi siyasi birlik parlamentdə çoxluğa malik idi, partiyanın sədri Nikolay Azarov isə ölkənin baş naziri olub.

Onu da qeyd edək ki, ukraynalı müxaliflər Azarovu həmişə rusiyapərəst adlandırıblar.

2014-cü il inqilabından və Yanukoviç ölkədən qaçdıqdan sonra partiya siyasi nüfuzunu itirdi və faktiki olaraq fəaliyyətini dayandırmışdı. Regionlar Partiyasının bir çox keçmiş üzvləri rusiyayönlü adlanan başqa birliyə - “Həyat uğrunda- müxalifət Platforması”naqoşuldular. Rusiya qoşunlarının Ukrayna ərazisinə genişmiqyaslı silahlı basqından sonra Vladimir Zelenskinin fərmanı ilə “Həyat uğrunda- müxalifət Platforması”nın fəaliyyəti dayandırılıb, onun lideri Viktor Medvedçuk dövlətə xəyanətdə ittiham olunaraq saxlanılıb...və Ukrayna vətəndaşlığından məhrum edilərək sonradan Rusiyaya dəyişdirildi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə