“Dövlətimiz dağılanları daha güclüsü ilə əvəz etmək iqtidarındadır”

R.T.Ərdoğan və Milliyyətçi Hərəkat Partiyası – MHP-nin sədri Devlet Bahçeli zəlzələdən zərər çəkən Osmaniyedə zəlzələ qurbanları ilə görüşüblər
“Dövlətimiz dağılanları daha güclüsü ilə əvəz etmək iqtidarındadır”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir il ərzində zəlzələdən zərər çəkmiş şəhər mərkəzləri kimi kəndləri dirçəltmək istədiklərini söylədi.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, R.T.Ərdoğan və Milliyyətçi Hərəkat Partiyası – MHP-nin sədri Devlet Bahçeli zəlzələdən zərər çəkən Osmaniyedə zəlzələ qurbanları ilə görüşüblər.

Ölkə başçısı deyib: “Alimlər fevralın 6-da baş verən zəlzələ fəlakətinin dünyada quruda meydana gələn ən şiddətli zəlzələ olduğunu dedilər.

Türkiyə bu gün təbii fəlakətlərlə üz-üzə qalıb.

Yaraların sağalması üçün bütün imkanları səfərbər etmişik.

Zəlzələ qurbanlarının yemək-içmə ehtiyaclarını qarşılamaq üçün lazımi tədbirlər görmüşük. “Kızılay” (Qırmızı Aypara) qurumu təxminən 2,5 milyon insana qida payladı.

Çıxarma işləri ilə yanaşı konteynerlərin yerləşdirilməsi də davam edir. 865 min vətəndaşımız çadırlara, 23 min 500-ü isə konteynerlərə yerləşdirilib.

Daimi binaların tikintisi üçün addımlar atmağa başladıq. İnşaallah, 1 il ərzində biz bu daimi yaşayış yerlərini tikib vətəndaşlarımıza verəcəyik. Ümumilikdə 270 min nəfərin mənzil sahibi olması üçün mart ayından evlərin tikintisinə başlayacağıq. İtkilərimizi qaytara bilməsək də, dövlətimiz dağılanları daha güclüsü ilə əvəz etmək iqtidarındadır”.

Daha sonra Ərdoğan və Bahçeli Osmaniyedən Qaziantepə keçiblər və şəhərin Nurdağı rayonundakı konteyner şəhərinə baş çəkərək zəlzələdən zərərçəkənlərlə söhbət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə