Salman Rüşdiyə hücum edən şəxsə İranda 10 hektar torpaq veriləcək

Salman Rüşdiyə hücum edən şəxsə İranda 10 hektar torpaq veriləcək

75 yaşlı yazıçı Salman Rüşdiyə hücum edən şəxsə İranda on hektar kənd təsərrüfatı sahəsi hədiyyə ediləcək. SİA xarici mənbələrə istinadən xəbər verir ki, bu barədə İmam Xomeyninin fətvalarının icrası fondundan məlumat verilib.

Torpaq “cəsur hərəkətə” görə minnətdarlıq əlaməti olaraq “gənc amerikalı”ya və ya onun qanuni nümayəndəsinə veriləcək.

Bunun üçün o, Rüşdinin bir gözünü kor edərək, onu qolundan məhrum etməklə müsəlmanları sevindirib.

Qeyd edək ki, bunu fondun katibi Məhəmməd Zarey deyib. Onun sözlərinə görə, Rüşdi indi “diri ölüdən başqa bir şey deyil”.

Xatırladaq ki, Rüşdi 2022-ci ilin avqustunda Nyu Yorkda hücuma məruz qalıb. Yazıçı bir neçə bıçaq yarası alıb, nəticədə bir gözü görməyi dayandırıb, bir qolu isə “hərəkət qabiliyyətini itirib”.

Onu da bildirək ki, hücum edən şəxs dərhal həbs edilib. Sonradan onun valideynləri Livandan mühacirət etmiş 24 yaşlı ABŞ vətəndaşı Hadi Matar olduğu üzə çıxıb.

Matarın anası oğlunun bu hərəkətinə görə daha onunla danışmayacağını və ailənin onsuz yaşamağa çalışacağını bildirib. Matar məhkəmədə özünü təqsirli bilməyib. O, jurnalistlərə, Rüşdini “İslam”a qarşı hücumlarına görə bəyənmədiyini və yazıçının sağ qaldığını biləndə çox təəccübləndiyini deyib.

Yeri gəlmişkən, Rüşdinin ölümünə çağıran fətva İranın keçmiş lideri Ayətullah Xomeyni tərəfindən 1989-cu ildə yazıçının “Şeytan ayələri” romanının nəşrinə cavab olaraq verilmişdi və bir çox müsəlmanlar bu romanı Məhəmməd peyğəmbərə qarşı küfr və təhqiramiz hesab edirdilər.

Maraqlıdır ki, Matar bu kitabdan cəmi bir-iki səhifə oxuduğunu etiraf etmişdi.

O da maraqlıdır ki, İran fətvanı nə icra etməyəcək, nə də ləğv etməyəcəyini rəsmən bəyan edib. İran hakimiyyəti onu ləğv etmək hüququna yalnız 1989-cu ildə vəfat etmiş Xomeyninin malik olduğunu iddia edir.

Onu da qeyd edək ki, Rüşdi Hindistanın Kəşmir əyalətindəki müsəlman ailəsində anadan olub. O, kitablarında müasir dünyada “İslam”ın varlığı və müsəlmanların özünü tanıması ilə bağlı suallar qaldırır.

Bildirək ki, Rüşdinin “Gecəyarısı uşaqları” romanı ona Buker mükafatı laureatı, Kosta ədəbi mükafatı və Fransa İncəsənət və Ədəbiyyat Ordeninin komandiri titulları qazandırıb.

2007-ci ildə Böyük Britaniya kraliçası II Elizabet Rüşdiyə ədəbiyyatdakı xidmətlərinə görə cəngavər rütbəsi verdi. 2000-ci ildən yazıçı ABŞ-da yaşayır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə