BMT Türkiyə və Suriyada baş verən zəlzələlərlə bağlı yardıma çağırıb

BMT Türkiyə və Suriyada baş verən zəlzələlərlə bağlı yardıma çağırıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) üzv ölkələri fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Türkiyə və Suriya üçün başladılan yardım kampaniyasına daha sürətli dəstək olmağa çağırıb.

BMT Baş katibinin sözçüsü Stefan Dujarrik də gündəlik mətbuat brifinqində verdiyi açıqlamada dünən (20 fevral) Hatay vilayətinin Defne qəsəbəsində baş verən 6,4 bal gücündə zəlzələyə də toxunaraq, bunun bölgədəki risklərin böyük olduğuna işarə etdiyini bildirib.

Dujarric "Suriya və Türkiyəyə edilən yardımdan çox məmnun olduğumuzu söyləmək çətindir, çünki daha sürətli olmağa, daha çox pula ehtiyacımız var" deyib.

Dəstək olan ölkələrə təşəkkür edən Dujarrik insan həyatının risk altında olduğunu və bu səbəbdən yardımların sürətləndirilməsinin vacibliyini ifadə edib.

Dujarrik həmçinin qeyd edib ki, BMT-nin bölgədəki personalının sayı da artıb və personal daha çox koordinasiya rolunu oynayır.

Qeyd edək ki, fevralın 14-də BMT Suriyada zəlzələdən zərərçəkənlərə 397,6 milyon dollar humanitar yardım göstərməyə çağırıb. Eyni zamanda, BMT 9-16 fevral tarixlərində 143 humanitar yardım maşınının Babülhava və Babüsselame sərhəd-keçid məntəqələrindən ölkəyə daxil olduğu məlumatını paylaşıb.

Fevralın 16-da BMT-nin baş katibi Antonio Quterreş isə, "Bu gün BMT əsrin ən böyük zəlzələsindən zərər çəkmiş türk xalqı üçün 1 milyard dollar dəyərində humanitar yardım çağırışı edir" demişdi.

BMT-nin 77-ci Baş Assambleyasının sədri Csaba Körösi, Kahramanmaraşda baş verən zəlzələlərdən təxminən 9 milyon insanın zərər çəkdiyinə diqqət çəkərək, bütün üzv dövlətləri Türkiyə və Suriya ilə həmrəylik nümayiş etdirməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə