“ABŞ Ukraynanı əks hücumu təxirə salmamağa çağırır”

“ABŞ Ukraynanı əks hücumu təxirə salmamağa çağırır”

ABŞ prezidenti Cozef Baydenin administrasiyası Ukrayna hakimiyyətini əks-hücumun təşkilində gecikməməyə çağırır. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Politico” nəşri Baydenin bazar ertəsi Polşaya səfərinə həsr olunmuş geniş materialda yazır.

Qeyd edək ki, səfər Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının birinci ildönümünə təsadüf edir və prezidentin bu dəfə də ölkəyə güclü dəstək verəcəyi gözlənilir.

Bu gün bir çox ABŞ rəsmiləri cəbhədəki hadisələrin hazırda kritik mərhələyə qədəm qoyduğunu bildirirlər. Onların fikrincə, Ukrayna ötən ilin payızında əldə etdiyi uğurları möhkəmləndirmək üçün əks-hücum təşkil etməyə tələsməlidir.

Digər amil isə zamandır: Vaşinqton ehtiyat edir ki, Avropa ölkələrinin indi göstərdiyi dəstəyin səviyyəsi müəyyən müddətdən sonra azala bilər və bu halda, təbii ki, Qərb silahlarının Ukraynaya axını zəifləyəcək.

Yeri gəlmişkən Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü İtaliya mediasına verdiyi müsahibəsində Ukraynanın qələbə ilə bitməli olan “qısa müharibəyə” hazırlaşdığını deyib. Beləliklə, Kiyev ölkənin bütün beynəlxalq səviyyədə tanınmış ərazisinin azad edilməsinə baxacaq.

Zelenski 2014 və 2015-ci illərdə bağlanmış Minsk razılaşmalarının Rusiyaya Ukraynaya hücuma hazırlaşmaq üçün vaxt verdiyini qeyd edərək, münaqişənin dondurulmasına qarşı çıxıb.

Zelenski, həmçinin Ukraynanın indi əks-hücum hazırladığını da təsdiqləyib. Eyni zamanda o, Ukrayna qoşunlarının Baxmutdan geri çəkilməli olma ehtimalını etiraf edib - Donetsk vilayətində bu şəhər uğrunda döyüşlər altı aydan çoxdur davam edir. Zelenskinin sözlərinə görə, Ukrayna şəhəri müdafiə edəcək, “lakin nəyin bahasına olursa olsun və hamının ölməsi üçün deyil”.

“Ağıllı olduğu müddətcə mübarizə aparacağıq. Ruslar bundan sonra Kramatorsk və Slovyanska, Donbas sərhədlərinə və Dneprə qədər hücumu davam etdirmək istəyirlər, əgər bacarsalar”, - deyə Zelenski bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə