Əfqanlar qadınların dünyaya çox uşaq gətirmələrini istəyirlər?

"Taliban" böyük şəhərlərdə kontraseptivlərin satışını qadağan edir
Əfqanlar qadınların dünyaya çox uşaq gətirmələrini istəyirlər?

Deyirlər kasıbın nəyi olmasa da,.. uşağı bol olar. Yəqin əfqan rəhbərliyi bunu nəzərə alır.

Beləluiklə, Əfqanıstan hakimiyyəti ölkənin iki ən böyük şəhərində - Kabil və Məzari-Şərifdə kontraseptivlərin satışını qadağan edib. (qeyd edək ki, kontraseptivlər müxtəlif yollarla hamiləliyin qarşısını alır-A.B.)

Maraqlıdır ki, hakim “Taliban” qrupu kontrasepsiyaya Qərbin dünya müsəlman əhalisini azaltmaq planının bir hissəsi kimi baxır.

“The Guardian” yazır ki, fevralın əvvəlindən “Taliban” polisi iri şəhərlərdə aptek və ginekoloji kabinetlərdən yan keçib. Polis həkimlərə və əczaçılara doğuşa nəzarət həbləri, uşaqlıqdaxili vasitələr və digər kontraseptivlərdən qurtulmağı əmr edir.

Səhiyyə işçiləri kontraseptivləri satmağa davam etsələr, necə deyərlər “özlərindən küssünlər”. Beləliklə, “Taliban” həm əczaçıları, həm də özləri kontraseptivlərdən istifadə edən qadınları “Qərb sui-qəsdi”ndə iştirakda ittiham edəcəklər.

Amma maraqlıdır ki, Əfqanıstan Səhiyyə Nazirliyi hələ ki, kontrasepsiyanı qadağan etmək üçün nə bir əmr, nə də ki, şərh verməyib.

Yeri gəlmişkən, “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının 2021-ci il hesabatına görə, əfqan qadınlarının əksəriyyətinin kontrasepsiya və hamiləliyin planlaşdırılması ilə bağlı məlumatlara çıxışı yoxdur. Qadınların 61-72 faizi ya kontrasepsiya haqqında bilmir, ya da yoxsulluq ucbatından bunu ödəyə bilmirlər.

Xatırladaq ki, 2021-ci ilin avqustunda hakimiyyətə gəldikdən sonra “Taliban” qadınların hüquqlarına hörmətlə yanaşacağını vəd etsə də, tezliklə məhdudiyyətlər qoymağa başladı.

Belə ki, 2021-ci ilin sentyabrında universitetlər üçün qaydaları dəyişdilər: kişilər və qadınlar ayrıca təhsil almalıdırlar.

2023-cü ilin yanvarında qadınların dövlət universitetlərinə qəbulu qadağan edildi.

İslamçılar 20 illik qadın işləri nazirliyini ləğv etdilər, qızların məktəbdə təhsil almasını məhdudlaşdırdılar, qadınların idmanla məşğul olmasına qadağa qoydular, televiziya aparıcıları hicab taxmağa məcbur edildi.

...Və bildirək ki, “Taliban” hərəkatı dünyanın bir çox ölkələrində, o cümlədən Rusiyada terrorçu kimi tanınır, lakin Rusiya hakimiyyəti “Taliban”la rəsmi səviyyədə əlaqə saxlayır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə