Pakistan Ukraynaya silah tədarükü iddialarını təkzib edib

Pakistan Ukraynaya silah tədarükü iddialarını təkzib edib

Pakistan Rusiya-Ukrayna müharibəsində neytral mövqeyindən qayıtması və Kiyevə silah tədarük etməsi ilə bağlı iddiaları təkzib edib.

SİA-nın əldə etdiyi məlumata görə, paytaxt İslamabadda həftəlik mətbuat konfransında danışan Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zehra Beluç Pakistanın Ukraynaya müdafiə məhsulları verməsi xəbərinin doğru olmadığını bildirib.

Pakistanın hərbi qarşıdurmalara qarışmamaq siyasəti yürütdüyünü ifadə edən Beluç ölkəsinin 1 ildir davam edən Rusiya-Ukrayna müharibəsində tərəfsiz mövqeyindən daşındığına dair iddiaları təkzib edib.

Beluç ölkəsinin Amerika Birləşmiş Ştatları (ABŞ) ilə münasibətlərinə də toxunub.

ABŞ və Pakistan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini vurğulayan Beluç İslamabad və Vaşinqton arasında davam edən səfərlərin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyini qeyd edib.

Qeyd edək ki, Hindistan mediası Pakistanın “Qrad” tipli çoxlüləli raket sistemi üçün Ukraynaya 10 min raket göndərdiyini iddia edib.

Bütün xəbərlər Facebook səhifəmizdə