“Əsrin fəlakəti” Türkiyə zəlzələləri və yardımlar

SİA mövzu ilə bağlı Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı-yazarı Can Acunun yazısını təqdim edir
“Əsrin fəlakəti” Türkiyə zəlzələləri və yardımlar

Türkiyənin cənub-şərq bölgəsində - Kahramanmaraşın Pazarcık və Elbistan qəsəbələrində bir-birinin ardınca baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər təəssüf ki, bütün ölkəni dərindən sarsıtdı. Fəlakətin İdarə Olunması Agentliyinin (AFAD) bu zamanı qədərki rəqəmlərinə görə, ölənlərin sayı 40 minə yaxınlaşıb, yaralıların sayı isə 100 mini keçib. Zəlzələlər Türkiyə və Suriyanın şimal-qərb bölgəsində böyük dağıntılara səbəb olub, İdlib, Afrin və Hələb kimi bölgələrdə 10 minə yaxın adam həyatını itirib.

Hörmətli dinləyicilər, mövzu ilə bağlı Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı-yazarı Can Acunun yazısını təqdim edirik. Mətni oxuyur Sevda Mirzə.

Türkiyə fevralın 6-nın səhərinə gözünü açarkən çox təəssüf ki, böyük fəlakətlə üzləşdi: bir-birinin ardınca zəlzələlər baş verdi, alimlər bunu “əsrin fəlakəti” adlandırdı. Türkiyənin cənub-şərq bölgəsində yerləşən Kahramanmaraş rayonunun Pazarcık qəsəbəsində Rixter (Richter) cədvəli ilə 7,7, səkkiz saatdan sonra Elbistan qəsəbəsində 7,6 bal gücündə baş verən zəlzələlər 11 rayonda böyük dağıntılara səbəb oldu. Zəlzələlərin bir-birinin ardınca meydana gəlməsi, 7 km. yerin səthinə yaxın olması və təxminən 90 saniyə kimi uzun müddət davam etməsi dağıntıları daha da artırdı. Kahramanmaraşla yanaşı, xüsusilə Hatay, Qaziantep, Malatya və Adıyaman rayonlarında ağır dağıntılar meydana gəldi. Suriyanın İdlib və Hələb şəhərlərində baş verən zəlzələlər də ciddi dağıntılara səbəb oldu. Almaniya belə bu zəlzələlərdən təsirləndi.

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi – AFAD-ın rəqəmlərinə görə, 17 fevral tarixinə qədər ölənlərin sayı 40 minə yaxınlaşdı, yaralıların sayı isə 100 mini keçdi. Suriyada ölənlərin sayı 10 minə yaxınlaşdı. Türkiyədə AFAD, PAK, JAK, JÖAK, DİSAK, Sahil Mühafizəsi, DAK, Güvən, İtfaiye (yanğın), Tahlisiye, MEB, qeyri-hökumət təşkilatları və beynəlxalq axtarış-xilasetmə qruplarından ümumilikdə 35.249 axtarış-xilasetmə personalı zəlzələdən zərər çəkmiş bölgələrdə iştirak edib.

Türkiyənin dünyaya yardım çağırışından sonra 60-dan çox ölkədən 9456 axtarış-xilasetmə personalı gəldi. Zəlzələ bölgələrində xidmət göstərənlərin ümumi sayı 250 mini keçdi.

Türkiyə zəlzələnin ilk anından bütün qurumları ilə ayıq-sayıq oldu və başda axtarış-xilasetmə əməliyyatları olmaqla, dağıntı bölgələrinə kömək göndərməyə başladı, insanları başlarına uçmuş beton, torpaq altından sağ qurtarmağa çalışdı. Amma təxminən 50 mindən çox bina yerlə-yeksan oldu ki, hamısına müdaxilə etmək mümkün olmadı. Bir tərəfdən dağıntılar arasından insan həyatı qurtarılır, bir tərəfdən onların mənzil problemi həll olunur. Hava şəraitinin çox soyuq olduğu bölgədə sürətlə çadır və konteyner şəhərciklər tikilir. Təbii ki, bir müddətdən sonra dağılan şəhərlər zəlzələyə davamlı şəkildə bərpa olunacaq. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələlərdən zərər çəkənlərə söz verdi ki, təxminən 1 ilə qədər onlar yeni evlərlə təmin ediləcək.

Türkiyə xalqı öz arasında daha çox həmrəylik nümayiş etdirir. Ərazidə on minlərlə könüllü, yardım təşkilatı, QHT-lər fəaliyyət göstərir.

Zəlzələlərdə dəyən ağır xəsarətin aradan qaldırılmasında beynəlxalq ictimaiyyətin də mühüm rolu var. Türkiyəyə dünyanın hər yerindən yardımlar gəlir. Bölgədə infrastrukturun yenidən qurulma prosesində Türkiyənin daha çox dəstəyə ehtiyacı var.

Türkiyə dünyanın bütün bölgələrində köməyə ehtiyacı olan ölkələrə, insanlara əl tutub, böyük həmrəylik nümayiş etdirib həmişə və bu gün bu ağır günlərində qarşılığını görür və görməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə