Pakistan Baş naziri Şahbaz Şərif Adıyamana səfər edib

Pakistan Baş naziri Şahbaz Şərif Adıyamana səfər edib

Pakistanın baş naziri Şahbaz Şərif fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər nəticəsində zərər görən Adıyaman şəhərinə səfər edib.
Şahbaz Şərifi Adıyaman hava limanında nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu və ticarət naziri Mehmet Muş qarşılayıblar. SİA-nın əldə etdiyi məlumata görə, Şahbaz Şərif Pakistandan gətirilən yardımı Türkiyə rəsmilərinə təhvil verib.
Pakistan xilasedicilərin Adıyamanda apardığı xilasetmə əməliyyatları ilə yaxından tanış olan Şahbaz Şərif Pakistan heyəti tərəfindən xilas edilən ailələrlə görüşüb.
Şahbaz Şərif Adil Karaismailoğlu və Mehmet Muşdan zəlzələ ilə bağlı məlumat alıb.
“Türkiyə ilə bir ailə kimiyik” deyən Şahbaz Şərif təbii fəlakətdən dərhal sonra Pakistanın Türkiyəyə xilasedici və tibbi heyətlə yanaşı qış çadırları, ədyal və digər lazımi ləvazimatlar göndərdiyini bildirib.
"Şəhərdəki dağıntıları indi gördüm, evlər, iş yerləri hamısı dağıdılıb. Əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan ilə hökumətinin və cəsur türk xalqının bu böhranın öhdəsindən gələcəyinə inanıram'',-deyə Pakistan Baş naziri qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə