Rusiya Avstriya diplomatlarını ölkədən çıxarır
Əvəzə-əvəz?

Rusiyadan olan dörd diplomatın Avstriyadakı persona non qrata elanına cavab olaraq, Moskva da dörd avstriyalı diplomatı ölkədən çıxarır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, əvvəlcə Avstriyanın Moskvadakı səfiri Verner Almxofer Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və XİN Avstriyanın hərəkətləri ilə bağlı kəskin etirazını bildirib.

Daha sonra nazirlik əlavə edib ki, Avstriya Respublikasının Rusiyadakı səfirliyinin dörd diplomatı da güzgü cavabı olaraq persona non-qrata elan edilib.

Diplomatlar 23 fevral 2023-cü il tarixinin sonuna qədər ölkəni tərk etməlidirlər.

Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyi Almxoferin diqqətini Rusiyadan gələn nümayəndə heyətləri üçün vizaların alınması ilə bağlı çətinliklərə cəlb edib.

Deyilənə görə, agentlik bu vəziyyətin də cavabsız qalmayacağını vurğulayıb.

Bundan əvvəl Avstriya Xarici İşlər Nazirliyi dörd rus diplomatını “diplomatik statusları ilə bir araya sığmayan hərəkətlərə” görə ölkədən çıxarıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə