"Bu çox ağrılı və dəhşətli bir prosesdir" - DEPUTAT DANIŞDI

"Bu çox ağrılı və dəhşətli bir prosesdir" - DEPUTAT DANIŞDI

“Fevral ayının 6-dan etibarən başlayan və 10 gündən artıq bir müddətdir ki, Türkiyə dəhşətli bir faciə ilə qarşı-qarşıyadır. Bu dəhşətli hadisə, zəlzələ ilə bağlı baş verən dağıntılar, itkilər hər birimizin ürək ağrısına çevrilib. Biz Türkiyənin dərdinə şərikik, ilk saatlardan etibarən Azərbaycan Prezidenti cənab İlham Əliyev hadisə ilə bağlı mesajlarını verdi. Telefon danışıqları baş tutdu, Türkiyəyə gedən ilk yardım da məhz Azərbaycandan oldu. Artıq on gündür ki, bu yardımların ardı-arası kəsilmir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, dövlət səviyyəsində və xalqımız tərəfindən göndərilən yardımlar bir daha Azərbaycan və Türkiyə arasındakı münasibəti, iki ölkənin birlik və həmrəyliyini göstərmiş oldu: “Təəssüflər olsun ki, dağıntılar altında qalan Azərbaycan vətəndaşları da oldu. Onlarının bir hissəsinin nəşi artıq ölkəmizə gətirilib. Həyatını itirənlərin hər birinə rəhmət diləyirik. Şərtlər isə bundan artıq axtarma-xilasetmə işlərinin davam etməsini mümkün etmir. Çünki dağıntılar altında hər hansı canlının qalması imkansızdır. Verilən məlumata görə, artıq xilasetmə və axtarış tədbirləri başa çatıb. Bundan sonra artıq dağıntılar altından cansız bədənlər çıxarıla bilər. Bu çox ağrılı və dəhşətli bir prosesdir. Dünyanın heç bir ölkəsinə belə bir faciənin nəsib olmamasını diləyirik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə