Berlində zəlzələdə həyatını itirənlər üçün dua edilir

Berlində zəlzələdə həyatını itirənlər üçün dua edilir

Almaniyanın paytaxtı Berlində mərkəz Kahramanmaraşın Pazarcık və Elbistan bölgələrinin 11 şəhərinə təsir edən zəlzələlərdə həyatını itirənlər üçün anım və dua tədbiri keçirilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Berlin İslam Federasiyası, Diyanət İşləri Türk-İslam Birliyi, Milli Gorus İslam İcması və digər dərnəklərin töhfəsi ilə tarixi Brandenburq qapısı qarşısında keçirilən tədbirə təxminən iki min nəfər qatılıb.

Sela ilə başlayan tədbirdə Qurani-Kərim oxunub. Türkiyənin Berlindəki baş konsulu Rıfkı Olgun Yücekök fevralın 6-da baş verən zəlzələlərdə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib. Yücekök belə bir kədərli gündə alman qurumları və qeyri-hökumət təşkilatlarının göstərdiyi həmrəyliyin yaxşı nümunə olduğunu bildirib.

Berlində zəlzələnin ilk günündən toplanan yardımların fəlakət bölgəsinə çatdığını dilə gətirən Yücekök, "Yaraları birlikdə sağaltmaq istəyirik. Federal və dövlət qurumları ilə iş birliyi ilə işləməyə davam edirik. Çətin günlərin öhdəsindən gələcəyik" dedi.

Almaniya İslam Şurasının sədri Burhan Kesici də zəlzələdə dağıntılar altında qalanları xilas etməyə gedən alman axtarış-xilasetmə qruplarına təşəkkür edib. Tədbirdə iştirak edən 12 Apostol Kilsəsinin keşişi Burkhard Bornemann da Türkiyə və Suriyada baş verən zəlzələdən əziyyət çəkən hər kəs üçün dua etdiyini bildirib.

Tədbir kütləvi dua ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə