"Münasibətlərdə ciddi qırılma mövcuddur" - DEPUTAT DANIŞDI

"Münasibətlərdə ciddi qırılma mövcuddur" - DEPUTAT DANIŞDI

“Hazırda dünya siyasi beynəlxalq münasibətlər sisteminin yenidən formalaşması prosesi gedir. SSRİ-nin süqutundan sonra əsasən ABŞ-ın rəhbərliyi altında bir qütblü dünya sisteminin əlamətləri göründü. Müəyyən zaman keçdikdən sonra isə digər dünya ölkələri də fəal şəkildə beynəlxalq münasibətlər sistemində təsir gücünü artırmağa cəhdlər etdilər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, bu mənada Çin, Hindistan xüsusi qeyd olunmalıdır: “Müasir mərhələdə qardaş Türkiyə də artıq regional lider dövlət statusundan çıxaraq, daha geniş coğrafiyada cərəyan edən proseslərə təsir imkanlarını ortaya qoymaqdadır.

Ayrıca olaraq Rusiyanı qeyd etmək lazımdır. Dünyanın iki böyük gücündən biri olan Rusiya da təbii ki, SSRİ-nin süqutundan sonra potensialını bərpa etməklə özünün dünyada təsir imkanlarını genişləndirməyə başladı. Sözsüz ki, dövlətlər müxtəlif coğrafiyalarda öz maraqlarını təmin etmək uğrunda daim mübarizə aparırlar.

Həm Rusiya, həm də ABŞ təbii ki, müasir dünyada təsir imkanlarını artırmaq üçün addımlar atırlar. Bu hər zaman dövlətlərarası münasibətlər üçün xarakterik olub. Rusiya ilə ABŞ-ın çox ciddi şəkildə toqquşan maraqları mövcuddur. 1990-cı illərin sonlarına yaxın Şərqi Avropa keçmiş sosialist ölkələri NATO-ya üzv qəbul olundu. Bunun ardınca isə NATO-nun Şərqə doğru genişlənməsi istiqamətində hərkətlənmə müşahidə olundu. Bütün bunlar Rusiyanı ciddi narahat edirdi. Mahiyyət etibarı ilə də Rusiya ilə ABŞ arasında soyuq müharibənin əlamətləri görünməkdədir. Hazırda Rusiya ilə Qərb arasındakı münasibətlərdə ciddi qırılma mövcuddur. Bu da təbii ki, dünyanın siyasi mənzərəsinə çox ciddi təsir göstərir.

Bu gün Rusiya ilə kollektiv Qərb arasında münasibətlərdəki gərginlik özünün ən yüksək həddinə çatıb. Həm Rusiya, həm də ABŞ rəhbərlərinin verəcəkləri mesajlar əsasən hər iki ölkə üçün prioritet hesab edilən məsələlər olacaq. Nəzərə almaq laızmdır ki, dünyanın böyük ölkələrinin nüfuz dairələri hər zaman olub. Bu nüfuz zonalarına başqa ölkələrin müdaxiləsi dövlətlər arasında gərginliyi hər zaman şərtləndirib. Bütün hallarda hər iki tərəfin özünün arqumentləri var”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə