Hatay dağıntları üzərindən yeni Hatay ucalacaq

Bu gün Hatayda mənzərə dəhşətlidir…
Hatay dağıntları üzərindən yeni Hatay ucalacaq

“Hatayda mənzərə dəhşətlidir. Şəhərdə hər nə varsa zəlzələdən zərər görüb, dağılıb.” Bu sözləri Report.az-ın Ankara bürosuna Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un mətbuat şöbəsinin azərbaycanlı əməkdaşı Vüqar Novruzoğlu bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Zəlzələnin ikinci günündə TÜRKSOY-un 13 nəfərlik heyəti kimi zərərçəkənlərin ən zəruri ehtiyacları ola bilən əşyalar, qida və geyimlə dolu iki avtomobillə bölgələrə getdiklərini bildirən V.Novruzoğlu dəhşətli mənzərələrin şahidi olduğundan belə danışdı: “Əvvəlcə Qaziantepə getdik. Başqa ölkələrdən gələn axtarış-xilasedici qüvvələri yönləndirilmə üçün Qaziantep Hava limanından AFAD-ın (Fövqəladə Halların İdarə Olunması Agentliyi) yerli bürosuna göndərilir. Qaziantepdə TÜRKSOY qrupu olaraq qışda soyuğa, yayda istiyə davamlı zəlzələ çadırları qurduq, tərcüməçi kimi dəstək verdik, yardımları payladıq, oradan da Hataya keçdik. Amma Hataya gedərkən oradakı mənzərədən daha çox dəhşətə gəldik”.

Evlər dağılmışdı, hərəkətdə olan avtomobillər zəlzələnin gücündən yolların kənarına atılmışdı

“Şəhərin girəcəyindən etibarən çox böyük dağıntılar var. Bütün binalar uçub, çöküb, pəncərələri qırılıb, divarları çatlayıb, dağılıb… Bəzi evlər dibindən qopub, yanı üstə düşüb. Təsəvvür edin, 8-10 mərtəbəli bina yan üstdə necə aşıbsa, eləcə də qalıb. Bütün bunlar zəlzələnin gücünün göstəricisidir. Təbii ki, inşaatı keyfiyyətsiz olan binalar bütünlükdə yerə çöküb, yalnız damları görünür. Bir sözlə, zəlzələnin təsirindən heç nə salamat qalmayıb”.

Yollar dağılıb, nəqliyyat, çatdırılma çox çətindir

Yollar dağıntıya məruz qaldığı üçün ən böyük problem çatdırılma, nəqliyyatla bağlı oldu. Ən böyük çətinlik şəhərin içərisində hərəkət etmək idi. Şəhərin daxilində dağılan binalar yolları bağlayıb, bəzi yerlərdə isə yollar tamamilə sıradan çıxıb. Hatayda o yollarla ki bir zaman 3 dəqiqəyə gedə bilirdik, indi həmin məsafəni 4 saata getdik.

Şəhəri tanıyan yerli sakinlərə çox az rast gəlinirdi. Onlar çox güman ki, ya dağıntılar altında qalıb, ya da yıxılan evlərin altında qalan doğmalarını qurtarmağa kömək edir, ya da soyuq havada çadırlara sığınıblar”.

Vəziyyət olduqca ağırdır

“Hatayda yerli sakinlər ağır vəziyyətdədir. Bölgədə meydana gələn dağıntı işıq, qaz, su şəbəkələrini yararsız hala salıb. Bölgədə su, işıq, qaz yoxdur. İnsanlar küçələrdə tonqal qalayaraq soyuqdan ölməməyə, həyatda qalmağa çalışır.

Hər şeyləri məhv olmuş insanlar, hər dəstəyə görə dərin minnətdarlıq edirlər. Üzlərinə hüzn çöküb. İnsanların gözlərində dağıntı altında qalan yaxınlarını qurtarmaqla bağlı imdad çağırışı var”.

Yollarda saysız yardımlar var, çatdırmaq olmur

Fəlakət bölgəsinə həddən artıq yardımlar olsa da, çatdırılmasında çətinliklər var idi. Bunun başlıca səbəbi dağıntının geniş olması, yollarda hərəkət etmənin mümkünsüzlüyü ilə əlaqədardır. Bəzi yollar bağlıdır, bir sıra yollarda isə həddən artıq tıxac var, hərəkət etmək olmur.

Təbii ki, TÜRKSOY olaraq hər zaman xalqlarımızın ən çətin anlarında onların yanıda olmaq borcumuzdur, əlimizdən gələn köməyi edirik. Bölgəyə fiziki də, maddi də dəstək verdik. Amma orada pulla heç bir şey almağa ehtiyac yoxdur. Nəyə ehtiyac varsa, AFAD başda olmaqla digər dəstək qurumları zəzərçəkən insanlara yardım edir. Amma ümumi vəziyyət həm şəhərin daxilində, həm də kənarlarda acınacaqlıdır.

Hatayda dövlət idarələri, marketlər açıq deyil, bəlkə o insanlar özləri də dağıntıların altında qalıb…

Çoxsaylı qədim mədəniyyətlərə ev sahibliyi etmiş, Türkiyənin ən qədim tarixi yerlərindən biri olan Hatay zəlzələnin amansız təsirlərinə məruz qalıb. Amma Türkiyə dövləti onu tarixə qarışan xarabalıqlara çevirməyəcək: Hatayın dağıntları üzərində yeni Hatay ucaldacaq, hataylılar yeni nəsilləri ilə bu şəhərin qədim əzəmətini qaytaracaq, acılı-şirinli xatirələri dövrdən dövrə təslim edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə