Deyəsən, xoruzun quyruğu görünür axı...

Bir neçə ay ərzində 5819 hamilə rus qadını Argentinaya gəlib və bu arada onları gətirənlər barəsində araşdırmalara başlanılıb
Deyəsən, xoruzun quyruğu görünür axı...

Argentina miqrasiya xidmətinin rəhbəri Florensiya Karinyano cümə günü rusiyalı qadınların kütləvi şəkildə ölkəyə gəlməsini ilk dəfə şərh edərkən, “...son bir neçə ayda 5819 hamilə rus qadının Argentinaya daxil olduğunu” deyib. O, hamilə rus qadınlarının 2022-ci ildən bəri uşaq dünyaya gətirməklə Argentina pasportu almaq üçün kütləvi şəkildə ölkəyə gəldiklərini deyib.

Miqrasiya xidmətinin rəhbəri, Rusiyadan fərqli olaraq Argentinanın 171 ölkəyə, o cümlədən Avropa İttifaqına vizasız daxil olmaq və ABŞ-a on illik viza üçün müraciət etmək hüququ verdiyini deyib.

Karinyano, SİA-nın dünən qeyd etdiyi kimi, Rusiyadan olan altı hamilə qadının Buenos-Ayres Ezeiza Beynəlxalq Hava Limanında saxlanmasından sonra şərh verməli olub. Miqrasiya xidməti qadınların sərhədçilərə dedikləri kimi Argentinaya turizm xatirinə gəlmədiklərindən şübhələnib.

Xatırladaq ki, şənbə günü gecə saxlanılan altı qadının hamısına "humanitar səbəblərdən" Argentina ərazisinə daxil olmağa icazə verilib. Bu qərarı məhkəmə qəbul edib.

Miqrasiya xidməti rəhbərinin sözlərinə görə, hamilə rus qadınlarının axını 2022-ci ilin avqustunda kəskin artmağa başlayıb. İndi Rusiyadan hər gün onlarla qadın ölkəyə daxil olur.

Florensiya Karinyanonun dediyi kimi, fevralın 9-da Efiopiya Hava Yollarının yalnız bir axşam reysi ilə 33 Rusiya vətəndaşı gec hamiləlik dövründə Argentinaya uçub.

...Yerli hakimiyyət orqanları uşaq dünyaya gətirmək üçün ölkəyə gələn əcnəbilərdə qanunsuz heç nə görmür. Məsələ burasındadır ki, rusiyalı qadınlar turizm məqsədi ilə gəldiklərini deyərək miqrasiya xidmətini aldadırlar.

Maraqlıdır, görən hamilə rus qadınlarının turist adı altında...məhz Argentinanı seçməkdə məqsədləri nədir?

...171 ölkəyə, o cümlədən Avropa İttifaqına vizasız daxil olmaq və ABŞ-a on illik viza üçün müraciət etmək...deyəsən, xoruzun quyruğu görünür axı...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə