Əfqanıstanda soyuqdan donaraq ölənlərin sayı artır

Əfqanıstanda soyuqdan donaraq ölənlərin sayı artır

Əfqanıstanda son bir ayda təsirini artıran əlverişsiz hava şəraiti nəticəsində ölənlərin sayı 176 nəfərə çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, son illərin ən sərt qışının yaşandığı Əfqanıstanda havanın temperaturu gecələr bəzi bölgələrdə mənfi 30 dərəcəyə, paytaxt Kabildə isə mənfi 10 dərəcəyə enir.

Taliban müvəqqəti hökumətinin Təbii Fəlakətlərlə Mübarizə üzrə Dövlət Nazirliyinin sözçüsü Şəfiullah Rəhimi bildirib ki, indiyədək ölkə üzrə kəskin soyuqlar səbəbindən 176 nəfər həyatını itirib.

Hazırda xüsusilə Əfqanıstanın şimalında Hindukuş dağlarında yerləşən Bədəxşan əyaləti başda olmaq üzrə çoxlu sayda əraziyə daxil olmağın mümkün olmadığını qeyd edən Rəhimi humanitar yardımda çatışmazlıqların olduğunu bildirib.

Rəhimi beynəlxalq ictimaiyyəti sərt qış şəraitindən əziyyət çəkən əfqan xalqına kömək etməyə çağırıb.

Ciddi qış şəraiti iqtisadiyyata da mənfi təsir göstərir. Taliban administrasiyasının Kənd Təsərrüfatı, Suvarma və Heyvandarlıq Nazirliyinin sözçüsü Mubahiddin Mustain daha əvvəl mətbuata verdiyi açıqlamada 20 əyalətdə 129 mini qoyun və keçi olmaqla təxminən 260 min xırda və iribuynuzlu heyvanın tələf olduğunu bildirib.

Bundan əlavə, soyuq havalarda artan tələbatı ödəyə bilmədiyi üçün ölkə ərazisində saatlarla elektrik enerjisi kəsilir. Hətta Kabilin mərkəzində də gündə maksimum 8-10 saat elektrik enerjisi verilə bilir.

Əlverişsiz hava şəraiti ilə əlaqədar bir çox ərazilərə, xüsusən də kənd yerlərində gediş-gəlişdə çətinliklər yaranıb.

Əfqanıstanda iqtisadi böhran səbəbindən qışda odun və kömür ala bilməyən böyük bir aztəminatlı insan qrupu var.

Ayrıca kənd yerlərində rəsmi uçotun aparılmaması da oxşar can itkilərinin sayının daha çox olacağı ehtimalını artırır.

Xüsusilə qış mövsümündə nəqliyyatın çətinliyi humanitar təşkilatların ehtiyacı olan ailələrə yardım çatdırmasını çətinləşdirir.

Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, ölkə əhalisinin demək olar ki, üçdə iki hissəsi olan 28 milyon insanın təcili yardıma ehtiyacı var.

Bütün xəbərlər Facebook səhifəmizdə