Keniyada dəvə 14 nəfərin ölümünə səbəb olub?

Keniyanın şimal-qərbində dəvə və yük maşınının toqquşmasının qarşısını almağa çalışan sürücünün cəhdi 14 nəfərin ölümünə, 13 nəfərin isə yaralanmağına səbəb olub.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, qəza ötən gün axşam saatlarında Lodvar şəhəri (Rift Vadisi əyaləti) yaxınlığında baş verib. Polisin məlumatına görə, yük yerində insanların olduğu yük maşınının sürücüsü yola çıxan dəvəni görüb və toqquşmamaq ümidi ilə sükanı kəskin şəkildə çevirib.

Ağır avtomobil yoldan çıxaraq yan tərəfə yuvarlanıb. Üç oğlan, səkkiz qadın və üç kişi hadisə yerində ölüb, daha 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dəvənin taleyi barədə məlumat verilmir, ehtimal ki, o, xəsarət almayıb.

Onu da qeyd edək ki, hökumətin ictimai nəqliyyatı yenidən həyata qaytaracağına dair vədlərinə baxmayaraq, Türkana rayonunda yük maşınları əsas sərnişin daşıma vasitəsi olaraq qalmaqdadır.

Nazlı Babayeva

Bütün xəbərlər Facebook səhifəmizdə