Ədalət və İnkişaf Partiyasının Alanya Genişləndirilmiş Bölgə Məşvərət Məclisində iştirak edən M.Çavuşoğlu çıxışında deyib...

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu terror təşkilatlarının, xüsusilə İsveçin NATO üzvlüyü yoluna mina qoyduğunu bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Ədalət və İnkişaf Partiyasının Alanya Genişləndirilmiş Bölgə Məşvərət Məclisində iştirak edən M.Çavuşoğlu çıxışında deyib: “Türkiyə 40 ildir terrorla mübarizə aparır və gözlədiyi dəstəyi ala bilmir. İsveçdə isə terror təşkilatı üzvləri rahatca gəzir, hər gün separatçı başçının fotoları və cır-cındırları ilə küçələrdə dolaşırlar.

“İfadə azadlığı” deyib Quranın yandırılmasına da icazə verəcəksiniz, Türkiyəyə qarşı hər cür alçaqlıq edəcəksiniz, sonra da “Mən NATO-ya üzv olmaq istəyirəm” deyirsiniz. Bu mümkündürmü?

İsveç xarici işlər naziri Tobias Billström “Türkiyə-İsveç-Finlandiya arasında imzalanan anlaşma memorandumunda heç bir dini mövzu yoxdur” deyib. Yaxşı, orda yazılıb ki, məntiqli, tədbirli, əxlaqlı olacaqsan, qardaş? Yazıb ki, insanların müqəddəs dəyərlərinə hörmət edəcəksən? Bunları yazmağa ehtiyac varmı? Bu, ən əsası bir insani borcdur.

Terror təşkilatları, radikallar İsveç başda olmaqla, ölkələrin NATO üzvlüyü yolunda minalar qoyurlar. Finlandiyanı ayrı saxlayırıq, amma İsveç bilərəkdən bu minalara addım basır. Bu şəkildə sözünün üstündə durmayanı mükafatlandıra bilmərik. Müqavilə öhdəliklərini yerinə yetirənlərlə oturub söhbət edirik. Türkiyə olaraq sözümüzü tuturuq, hər zaman da vədimizin arxasındayıq."

Bütün xəbərlər Facebook səhifəmizdə